Xəbər - Elçin Mehdiyev – Trend:
Türkiyə ilə Azərbaycan höküməti arasında imzalanan “Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq haqqında” saziş iki qardaş dövlətin bir-birinə bağlılığının və davam edən əməkdaşlığın növbəti nümunəsidir. Eyni zamanda, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq dəyərlərə sadiqliyin təsdiqidir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq hər zaman mövcud olub, hər zaman fikir mübadiləsi aparılıb, qarşılıqlı görüşlər, müxtəlif birgə təlimlər həyata keçirilib:
“Hazırkı saziş məhz həmin gedişatın, ənənənin növbəti mərhələsidir. Təbii ki, hərbi sənayedə, xüsusilə, maddi-texniki baza sahəsində əməkdaşlığın zaman-zaman böyük üstünlükləri olur. Xüsusən, istehsal sahəsində müxtəlif bilicilərin, mütəxəssislərin müştərək formada prosesə cəlb olunması faydalı iş əmsalı baxımından olduqca önəmlidir.
2-ci Qarabağ müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaət, əldə etdiyimiz qələbə illərdir yürüdülən məqsədyönlü siyasətin, mükəmməl ordu quruculuğunun, planlı və strateji istiqamət götürməyin nəticəsi idi. Həmin qələbədən sonra isə biz daha da güclənməliyik, mövqeyimizi sabit saxlamalıyıq, daim irəli addımlamalıyıq, yeni-yeni uğurlara imza atmalıyıq. Məlum saziş bax həmin uğurların davamıdır, növbəti mərhələsidir”.
E.Musayev bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı, əməkdaşlığı bütün sahələrdə nəzərəçarpan səviyyədədir: “Bundan sonra da hər zaman belə olacaq. Üstəlik, Azərbaycan və Türkiyə müxtəlif istiqamətlərdə bir-birinə dəstək olduqca, bu qardaş ölkələr daim bərabər olduqca həm hər iki dövlətin gücünə güc qatılacaq, həm də gələcək səmərəli fəaliyyət üçün yeni perspektivlər açılacaq.
Bir daha təkrar etmək istəyirəm: Sazişin bəndlərindəki bütün müddəalar BMT Nizamnaməsinin məqsəd və məramlarına uyğunluq xarakteri daşıyır. Eyni zamanda, məlum sənəd yetərincə peşəkar hazırlanıb və detallı, təfsilatlı aspektləri özündə dolğun ehtiva edib”.