Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə ilə bütün sahələr üzrə qarşılıqlı əlaqələr sürətlə inkişaf etməyə başladı. Xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycanda xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra bu əlaqələr daha da genişləndi. Azərbaycan-Türkiyə münasibətlərində “Bir millət, iki dövlət” prinsipini rəhbər tutan ümummilli lider bu münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi xəttini özünün həyata keçirdiyi xarici siyasət kursunun əsas prioritetlərindən biri olaraq müəyyən etmişdi.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türkiyə Petrolleri Anonim Ortaklığı”şirkətinin də təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk mühüm təzahürü idi: “Ulu öndərin müəllifi olduğu Azərbaycanın neft strategiyasının onurğa sütununu təşkil edən “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda Türkiyə şirkətinin təmsilçiliyi Türkiyə-Azərbaycan strateji əməkdaşlığının əsasını qoydu. 1995-ci il dekabrın 7-9-da Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi. Qəbul olunmuş birgə bəyanatda beynəlxalq əlaqələrdə BMT-nin rolunun gücləndirilməsinin, regiondakı münaqişənin aradan qaldırılmasının və qlobal problemlərin həlli yollarının araşdırılmasına daha fəal təsir göstərməsinin vacibliyi vurğulanmaqla yanaşı, bir daha Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbi öz əksini tapdı. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il mayın 5-8-də Türkiyəyə rəsmi səfəri ölkəmizin Türkiyə ilə münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyini göstərdi. Səfər çərçivəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə”, eləcə də iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri əhatə edən 9 sənəd imzalandı.
Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirib. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş”in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Eyni vaxtda, adı çəkilən dövlətlərin prezidentləri tərəfindən bu qlobal layihəni müdafiə edən İstanbul bəyannaməsinin qəbul edilməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının həyata keçməsi istiqamətində, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi.”
Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf xətti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq məqsədyönlü şəkildə təmin edilir və bu əlaqələrin daha da möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri də mühüm rol oynayır: “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursu, o cümlədən ulu öndərin müəyyən etdiyi xarici siyasət kursu uğurla davam etdirilir. Qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş xətt bu siyasi kursun ən mühüm istiqamətlərindən biridir. Hər iki tərəfdən görülən əhəmiyyətli tədbirlər sayəsində Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığı bütün sahələr üzrə davamlı inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl dostluq və qardaşlıq münasibətləri saxlamaqları olduqca önəmlidir. Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərdə hər zaman qardaş ölkəyə birmənalı dəstək verməyin əsl nümunəsini nümayiş etdirib. Məhz buna görə də Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin dövlət başçıları ən çətin anlarda ölkələrinə və bir-birlərinə arxa durmaqla bütün Türk dünyasına əsl nümunə göstərirlər. O cümlədən Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək ölkəmizin tarixi Qələbəsini şərtləndirən amillərdən biri oldu. Dövlət başçımızın da dəfələrlə qeyd etdiyi kimi, Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir.”
Millət vəkili ölkələrimiz arasında getdikcə dərinləşən strateji-iqtisadi əməkdaşlığın həm Türkiyənin, həm də Azərbaycanın gücünü artıran əsas amillərdən biri olduğunu qeyd edib: “Bu gün Türkiyə və Azərbaycan özlərinin iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni regional reallıqların fonunda ölkələrimiz arasında əməkdaşlıq potensialı daha da artıb. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi nəhəng transmilli layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Bu gün isə artıq Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün yeni imkanlar yaranıb. Xüsusilə Zəngəzur dəhlizinin açılışı, tarixi Ələt-Culfa dəmiryolu xəttinin bərpası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər ki, bu da Azərbaycan və Türkiyəni Avropa və Asiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşlarına çevirər.”
Kamaləddin Qafarov YAP nümayəndə heyətinin Türkiyəyə səfərindən də bəhs edərək bunları deyib: “Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsi əlbəttə ki, hər iki ölkədə hakim partiyaların fəaliyyətinin də əsas istiqamətlərindəndir. Bu baxımdan, əlbəttə ki, YAP nümayəndə heyətinin iyunun 1-dən 3-ə qədər Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə qardaş ölkəyə səfəri də xüsusi əhəmiyyət kəsb edir. YAP nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb. Cənab Rəcəb Tayyib Ərdoğan əmin olduğunu bildirib ki, Prezident İlham Əliyev bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcək. Həmçinin Türkiyə Prezidenti YAP və AKP-nin bu istiqamətdə aparıcı rolunu qeyd edərək, partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini vurğulayıb. YAP nümayəndə heyətinin Türkiyəyə bu səfəri ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi işinə öz dəyərli töhfələrini verəcək.”