Yeni reallıqlar fonunda regional əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər həm torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnib, həm də regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Bu reallıqlar fonunda regional əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi mühüm yer tutur.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, məhz bu kontekstdə Azərbaycan yeni dönəmdə Cənubi Qafqaz regionunun mühüm əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylərini davam etdirir: “Bu baxımdan, Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün vacib amildir”.

V.İskəndərov deyib ki, oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması həm Türk dünyasının birləşməsi, həm də yeni reallıqlar əsasında regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımdır:

“Bildiyiniz kimi dövlət başçılarının birgə bəyanatı zamanı Prezident İlham Əliyev bu məqama xüsusi olaraq toxundu. Cənab Prezidentin də bəyan etdiyi kimi Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Dövlət başcısı onu da deyib ki, həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”.

V.İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyevin “Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq” sözləri isə iki qardaş ölkənin bu məsələdəki qətiyyətinin növbəti nümunəsidir.

Teqlər: