Yeni qeydiyyat üsulu ilə 1.200 yerli investisiyalı MMC qeydiyyata alınıb

Yeni qeydiyyat üsulu ilə 1.200 yerli investisiyalı MMC qeydiyyata alınıb.

2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş 12 aylıq azalma dövründən sonra, ardıcıl altı ayda (2021-ci ilin mart-avqust ayları) vergi ödəyicilərinin qeydiyyatının sayında artım müşahidə edilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, 2021-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1.291.565 vergi ödəyicisinin 87,8%-i fiziki şəxs, 12,2%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8% artıb ki, bu artımın 91%-i fiziki şəxslərin, 9%-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98,6%) kommersiya qurumları hesabına baş verib. Kommersiya hüquqi şəxslərin 88,4%-i MMC, 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. formalarda yaradılıb.

Yanvar-avqust aylarında 7.482 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. Həmin qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 92,3% təşkil edib. İlkin qeydiyyat prosedurundan keçmiş kommersiya hüquqi şəxslərdən 1.701-nin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Hesabat dövründə qeydiyyatdan keçmiş 7.482 kommersiya qurumunun 91,2%-i yerli investisiyalı, 8,8%-i xarici investisiyalı müəssisələrdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusi çəkisi 36,5 % artıb.

2021-ci il sentyabrın 1-nə 16.382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10.982-nin fəaliyyəti aktivdir, 4.525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.

Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8%-i Türkiyə, 11,6%-i Gürcüstan, 10,5%-i İran, 9,5%-i Rusiya, 5,3%-i Pakistan və 4,2%-i Hindistan investisiyalı hüquqi şəxslərdir.

2021-ci ilin yanvar-avqust aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 64,4% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

2021-ci ilin 1 sentyabr tarixinə 300 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Teqlər: