Xəbər - Elçin Mehdiyev – Trend:
Martın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, iclasda komitə sədri Bəxtiyar Əliyev “Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması” ilə əlaqədar məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələr parlamentin qarşısında böyük vəzifələr qoyub və onlardan biri də gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlı idi.
Komitə sədri diqqətə çatdırıb ki, qarşıya qoyulan vəzifələrə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb. Qeyd olunub ki, xüsusən Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan Şanlı Zəfər fonunda komitənin müzakirəsinə çıxarılan “Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması” məsələsi xüsusi aktuallıq kəsb edir.
İclasda həmçinin B.Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” danışıb.
Komitə sədri Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib. Bildirib ki, ötən il dünya ölkələrinin iqtisadiyyatlarına böyük ziyan vuran pandemiyanın mənfi təsirlərinə Azərbaycan nəinki uğurla müqavimət göstərib, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkə iqtisadiyyatında 2020-ci ildə nailiyyətlər əldə olunub. O, Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyinin 6 pillə yüksəlməsini və ölkəmizin dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasında qərar tutmasını xüsusi vurğulayaraq Vətən Müharibəsində qələbədən sonra Azərbaycanın biznes və sərmayə qoyuluşları üçün daha da cəlbedici ölkəyə çevrildiyini deyib.
Çıxış edən komitə üzvləri ölkəmizin 2020-ci ildəki nailiyyətlərini böhranı uğura necə çevirməyin nümunəsi kimi dəyərləndiriblər və hökumətin hesabatı ilə bağlı müsbət fikir bildiriblər.