Yeni publik hüquqi şəxs yaradıldı

Yeni publik hüquqi şəxs yaradıldı

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, həmçinin “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən olunub ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Xidmətin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

Prezidentin sərəncamı ilə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Teqlər: