Bakı Apellyasiya Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi
Şəxsin sabiq direktoru, həbsdə olan Pərviz Abbasov və digərləri
barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi başa
çatıb.
AzerTimes-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən təqsirləndirilən şəxslər barəsində Cinayət
Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə)
maddəsi tətbiq olunaraq Pərviz Abbasovun cəzası 5 il 6 aya, Qalib
Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin isə 5 ilə endirilib.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş prokuror Yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.
Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar
törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik
etmə) maddələri ilə təqsirli biliniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il
6 ay azadlıqdan məhrum olunub. Təqsirləndirilən digər şəxslər –
“Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida
Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir
Mirzəyevin hər birinə 8 il həbs cəzası, “Viola” MMC-nin meneceri
Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza
təyin olunub.