“Yeni Klinika” rəhbərinin növbəti məhkəmə prosesi keçirilib

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Samir Mirzəyevin müdafiəçisi çıxış edərək bildirib ki, müvəkkili ittihamları qəbul etmir. Vəkil deyib ki, təqsirləndirilən şəxs ona yalnız dələduzluq maddəsi ilə cəza verilməsini istəyir.

Daha sonra çıxış edən təqsirləndirilən şəxs Vüsalə Əliyevanın vəkili isə qadının hamilə olduğunu nəzərə alaraq ona həbs cəzası verilməməsini xahiş edib.

Məhkəmə prosesi noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, prokuror ötən prosesdə çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı baş həkim P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov “Buta” klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və “Viola” MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Mirzəyev isə işsiz olub.

Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

Teqlər: