Yeni iqtisadi bölgü azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından əhəmiyyətlidir – Deputat

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərman azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası, iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyinin artırılması, iqtisadi idarəetmədə çevikliyin təmin olunması baxımından əhəmiyyətlidir.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Azərbaycanda indiyə qədər 10 iqtisadi rayon mövcud idi. Bu rayonlaşma isə müstəqilliyimizin ilk illərində həyata keçirilmişdi və bugünkü reallıqla ayaqlaşmırdı:

“Məsələn, Aran iqtisadi rayonuna 20 şəhər və rayon tipli inzibati ərazi daxil edilmişdi. Bu isə müəyyən problemlərə yol açırdı. İndiki sənəddə isə bölgü təqdirəlayiqdir. Sənədə əsasən ölkə üzrə 14 iqtisadi rayon formalaşır ki, bu da rayonlar əsasında çoxşaxəli statistik informasiya bazasının formalaşmasına, onların iqtisadi, sosial, siyasi, demoqrafik inkişaf meyillərinin təftiş edilməsi işinin səmərəli təşkilinə zəmin yaradacaq”.

Deputat onu da qeyd edib ki, sənəd həmçinin hökumətin Qarabağ siyasəti ilə bağlı gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır: “Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Eyni zamanda fərmanda da qeyd olunur ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.”

Teqlər: