Yeni illə əlaqədar spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları diqqətli olmağa çağırır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzerTimes-a bildirilib ki, bayram ərəfəsində ölkəmizdə də qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Həmin qanunsuz əməllərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, əhalinin də bu məsələyə ciddi yanaşması və diqqətli olması vacibdir.
Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbul edilməsi belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır.
Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.
Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Eyni zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmək, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlara uyğun sənədləri tələb etmək lazımdır.