Xəbər - Samir Əli – Trend:
Bayram gecəsi Bakı Metropoliteninin stansiyaları 2 saata 22 min 532 sərnişin daşıyıb.
Bunu AzerTimes-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, dekabrın 31-də Bakı Metropoliteni gücləndirilmiş rejimdə çalışıb.
“Əvvəlcədən məlumat vermişdik ki, metropoliten həmin gün gecə 00:00-a kimi deyil, 01:00-a kimi işləyəcək. Əksər stansiyalar sərnişin olmadığı üçün, gecə saat 01:00-də bağlansa da, “Sahil”, “28 may” və “İçəri şəhər” stansiyalarının iş qrafiki 02:00-a kimi uzadılıb. Bu, sərnişin sıxlığı ilə bağlı oldu. Bu iki saat ərzində hər 3 stansiya ilə ümumilikdə 22 min 532 sərnişin daşınıb. Ən çox sərnişin “28 may” stansiyası ilə daşınıb. Bu stansiya həmin gün saat 00:00-dan 02:00-a kimi 7 min 922 sərnişin qəbul edib”, – deyə B.Məmmədov bildirib.
Qurum rəsmisi qeyd edib ki, Bakı metropoliteninin stansiyaları dekabrın 31-i səhər saat -6:00-dan gecə saat 00:00-a kimi 420 min nəfərə yaxın, yanvarın 1-i eyni saat ərzində isə 355 min 459 nəfər sərnişin daşıyıb.