Yeni gənclər və idman naziri Fərid Qayıbov kimdir? – DOSYE

Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.

AzerTimes-ın məlumatına görə, Fərid Fazil oğlu Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.

1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini bitirib. 2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.

Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak edib.

2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilib.

2006–2007, 2008–2009 və 2013–2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsində çalışıb.

2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17–19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilib. 2012-ci ildə FIG-nin 79-cu Konqresində (25–27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilib.

2013-cü ildə Portoroj şəhərində (6–7 dekabr, Sloveniya) keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilib. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina edib.

2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.

2013 və 2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olub.

2014–2015-ci illərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində İcraçı Direktor vəzifəsini daşıyıb.

2014–2015-ci illərdə I Avropa Oyunları (Bakı-2015) çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərib.

2015–2016-cı illərdə Bakıda 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə “Challenge” seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşıyıb.

2016–2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kursları, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları (2017), FIG Şurası (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsində çalışıb.

2003-cü ildən etibarən bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikası üzrə, 2013-cü ildən isə qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə idman yarışlarının həm yerli, həm də beynəlxalq səviyyədə keçirilməsində böyük təcrübəyə malikdir.

Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olmuşdur (təyinata əsasən).

2017-ci il 1–2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa vermişdir. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.

Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

2016-cı ildə FIG-nin 81-ci Konqressində (Tokio, Yaponiya) həmin qurumun şurasına iki dəfə (2008 və 2012) üzv seçildiyi üçün FIG-nin bürünc medalına layiq görülüb.

2017-ci ildə Bakıda keçirilmiş FIG-nin 17-ci Şura iclasında həmin qurum tərəfindən “Fəaliyyətin qiymətləndirilməsi” medalı ilə təltif olunub.

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Teqlər: