Yeni dövrün missiyası Böyük Türk Birliyidir – Feyziyev

Yeni dövrün missiyası Böyük Türk Birliyidir – Feyziyev

Milli Məclis növbəti dəfə Prezident İlham Əliyevin andiçmə mərasiminə ev sahibliyi etdi. Bu çox rəmzi məna daşıyır. Prezidentin andiçmə mərasiminin xalq tərəfindən seçilmiş təmsilçilərin iştirakı ilə keçirilməsi sadəcə deputatların deyil, onların təmsil etdiyi bütün xalqın qarşısında and içmək anlamına gəlir. Budəfəki prezident seçkilərində İlham Əliyevin ən yüksək nəticə ilə qalib gəlməsi onun həmişə öz andına sadiq qalması ilə bağlıdır.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Yaxşı xatırlayıram ki, 2003-cü ildə gənc namizəd İlham Əliyev seçildiyi təqdirdə 5 il ərazində qaçqın düşərgələrini ləğv edəcəyini və 600 min iş yeri yaradacağını vəd etmişdi. Bu vədlər həmin illər üçün həddindən artıq iddialı görünürdü və əslində verilən sözlərin heç olmasa bir hissəsinin yerinə yetirilməsi də xalqı qane edəcəkdi. Amma ilk 5 il İlham Əliyevin hansı gücə və iradəyə qadir olduğunu göstərdi. Doğrudan da ölkənin bir çox bölgələrində qaçqınların və məcburi köçkünlərin sığınması üçün tikilmiş bütün düşərgələr ləğv olundu və soydaşlarımızın daha rahat bir şəraitdə müvəqqəti yaşaması təmin olundu. İlham Əliyev, eyni zamanda, 660 min yeni iş yerinin yaradılmasına nail oldu və bu, vətəndaşların rifahının nəzərəçarpacaq dərəcədə yaxşılaşmasında da özünü göstərdi”, – C.Feyziyev vurğulayıb.

Deputat qeyd edib ki, 2008 və 2013-cü il seçkilərində Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və layihələr əsasən ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, ölkədə institusional islahatların keçirilməsi ilə bağlı idi:

“İlham Əliyev 10 il davam edən sonrakı iki prezidentlik müddətində bu vəzifələrin də öhdəsindən artıqlaması ilə gəldi. Enerji resurslarından asılılığı azaltmaq məqsədilə iqtisadiyyatın şaxələndirilməsi üzrə çox mühüm layihələr həyata keçirildi, korrupsiya ilə mübarizənin səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət–vətəndaş münasibətlərinin tənzimlənməsi istiqamətində çoxsaylı sistem islahatları aparıldı, vətəndaşların orta aylıq gəlirləri nəzərəçarpacaq dərəcədə artdı, bütün ölkə boyunca irihəcmli infrastruktur layihələri reallaşdırıldı. Xarici siyasət sahəsində də mühüm nailiyyətlər əldə olundu. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir neçə beynəlxalq təşkilatın qərar və qətnamələrində öz əksini tapdı. Bu illər ərzində Azərbaycan xalqı bütün çətinliklərə və problemlərə baxmayaraq, İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək davamlı inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, 2003-cü ildən davam edən dövlət quruculuğu prosesində mühüm yeri ordu quruculuğu tuturdu:

“İlham Əliyevin prezidentliyi dövründə ordumuz ən müasir standartlar əsasında yenidən quruldu və torpaqlarımızın işğaldan azad olunması üçün hər zaman müharibəyə hazır vəziyyətə gətirildi. 2020-ci ilin Vətən müharibəsindəki Zəfərimiz Azərbaycan xalqının son iki əsrlik tarixində ən böyük qələbəsi oldu. Bu qələbəni əldə edən, ordunu və xalqı daim bu qələbəyə hazırlayan və bu şanlı qələbəni tariximizə yazan Ali Baş Komandan İlham Əliyev oldu. Xalq İlham Əliyevin 20 illik prezidentliyi dövründə görünməmiş müsbət dəyişikliklərin şahidi oldu. Ona görə də 7 fevral seçkilərində xalq, demək olar ki, yekdilliklə İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin özünün də vurğuladığı kimi, bu seçkilərlə yeni dövrə qədəm qoyuruq”.

Milli Məclisin deputatı qeyd edib ki, yeni dövrün yeni vəzifələri və nəhəng layihələri var. Vətən müharibəsindən keçən 3 il göstərdi ki, dünyada güc mərkəzi sayılan heç bir dövlət və heç bir beynəlxalq təşkilat təmənnasız olaraq, sadəcə beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın haqlı mövqeyini müdafiə etmək fikrində və əzmində deyil. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, biz öz haqqımızı öz gücümüzlə aldıq. Ona görə Azərbaycanın dünya siyasi və iqtisadi sisteminə gələcək inteqrasiyası da məhz bu rakursdan dəyərləndirilməli və yeni dövrdə siyasi gələcəyimizlə bağlı doğru və hərtərəfli ölçülüb biçilmiş addımlar atılmalıdır. Bu addımların sayı çoxdur, amma onların içərisində xalqımız üçün taleyüklü sayıla biləcək biri var. Bu, müstəqil türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirməklə Türk Dövlətləri Birliyini yaratmaqdır. Biz bugünkü ədalətsiz dünyanın qarşısına tək-tək deyil, bütün qardaş türk dövlətləri ilə birlikdə, əbədi müttəfiqlər kimi çıxmalıyıq. Prezident İlham Əliyev özünün andiçmə mərasimindəki çıxışında qısa da olsa bu mövzuya toxunaraq türk xalqlarını bir ailə kimi dəyərləndirdi. Bu doğrudan da belədir. Tarixən də belə olub və bu gün də belədir. Vətən müharibəsi zamanı bütün türk xalqlarının bizimlə həmrəylik nümayiş etdirməsi, bütün türk xalqlarının bizim Zəfərimizlə öyünməsi aramızdakı qırılmaz mənəvi bağlılığın həmişəyaşar olmasının göstəricisi idi. Prezident andiçmə mərasimində çıxışındakı qısa toxunuşla Azərbaycanın dünya siyasi meydanındakı gələcək mövqeyini açıq-aydın ifadə etmiş oldu. Əcdadlarımızın əsrlər boyu can atdıqları, bəzən əldə etdikləri və çox hallarda da itirdikləri böyük türk birliyi bütün müstəqil türk dövlətlərinin və ilk növbədə, Azərbaycanın siyasi gündəliyində öndə duran məsələyə çevrilir. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş bütün türk dövlətlərində xalqlar daim bu birliyə can atıblar, onu gələcəyimizin etibarlı təminatı kimi görüblər.

“İndiyədək dövlətimizin və xalqımızın gələcəyi ilə bağlı bütün faydalı və səmərəli təşəbbüsləri böyük uğurla həyata keçirmiş Prezident İlham Əliyevin növbəti prezidentlik dövründə dünya türk xalqlarının ən müqəddəs arzusu olan birlik ideyasını gerçəkləşdirəcəyi də şübhəsizdir. O zaman bizim daha böyük və daha güclü olacağımız da şübhəsizdir. Hələ minilliklər öncə Bilgə Xaqanın söylədiyi kimi: “…Ey Türk, titrə və özünə dön. Sən özünə dönəndə böyük olursan”. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında bütün Türk dünyasının böyüklüyünü, qüdrətini özünə qaytarmaq və bütün türk xalqlarının xoş gələcəyini təmin etmək kimi şərəfli bir missiyanın yolundadır. Yolumuz uğurlu olsun!”, – Cavanşir Feyziyev fikrini yekunlaşdırıb.

Teqlər: