Xəbər - Trend
Medianın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Mətbuat cəmiyyətin güzgüsüdür: Azərbaycan mətbuatının yaranışı və ictimai fikrə təsiri
Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Mütərəqqi ideyaların carçısı və tribunası olan “Əkinci” elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğur ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan “Əkinçi” qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan mətbu nəşri olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. “Əkinçi” Azərbaycandan kənarda da – Gürcüstan, Dağıstan, Özbəkistan və başqa ölkələrdə yayılırdı.
Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri – maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi surətdə vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl prinsipləri rolunu oynadı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında müstəsna rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli məfkurənin formalaşmasında və möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Azərbaycan mətbuatının ilk müjdəçisi olan “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli jurnal və qəzetlər nəşrə başlayıb.
Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə iştirak edib. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Artıq 30 illik müstəqillik tarixinə malik olan ölkəmizin ilk illərdə yaşadığı çətinliklər qara səhifə kimi oxunmaqdadır. Həmin illərdə ölkədə xaos, anarxiya, özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. Dünya təcrübəsinə istinad etsək, görərik ki, bütün inkişaf etmiş, demokratik ölkələr mətbuat azadlığının təmin olunmasına xüsusi diqqət yetirirlər. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanda demokratik təsisatların formalaşdırılması, ölkəmizin bu yolda inamla irəliləməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, dünya informasiya siyasətinə inteqrasiyası, beynəlxalq standartlara uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, ən əsası inkişafın davamlılığını təmin etmək üçün mühüm Fərman və sərəncamların imzalanması, mətbuat işçiləri ilə mütəmadi görüşlərin ənənəsinin yaradılması və sair kimi addımlar ümummilli lider Heydər Əliyevin azad sözə və obyektiv fikrə, plüralizmə, jurnalist əməyinə münasibətini səciyyələndirən faktlardır. 1995-ci ildə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış milli Konstitusiyamızda da bu sahə ilə bağlı hüquq və azadlıqlar dəqiq göstərilib.
Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olmaqda müstəsna xidmətlər göstərir. Ulu öndər senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açaraq ölkədə informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir” söyləyən Ümummilli Lider azad mətbuatın inkişafını daim diqqət mərkəzində saxlamaqla uğurlu nəticələrə imza atdı.
Ümummilli Liderin “Mətbuat cəmiyyətin güzgüsüdür” çağırışı cəmiyyətdə ən çox dəyər qazanan ifadələr sırasında idi. Ulu Öndər bu çağırışı ilə ictimai fikrə təsir imkanları geniş olan mətbuatın inkişafında nə dərəcədə maraqlı olduğunu, azad sözün hamisi kimi çıxış etdiyini təsdiqləyirdi. Dahi rəhbərin əsl qələm sahiblərindən, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç kim bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməməlidir. Humanistliyi qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. O, “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir. Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və sərəncamlar imzalayıb. 2001-ci ildə ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edərək onların həlli istiqamətində mühüm addımlar atdı. Bunlardan ən önəmlisi qəzetlərin əlavə dəyər və gəlir vergisindən azad edilməsi oldu.
Özünün sözdə yox, əməldə söz və mətbuat azadlığı, fikir müxtəlifliyi və demokratiya tərəfdarı olduğunu sübut edən Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Ulu Öndərin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti son 17 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir
Heydər Əliyev siyasi kursunu uğurlu davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafını prioritet məsələ kimi daim öndə saxladı. Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərə mənzillərin verilməsi, mətbuatın 130, 135, 140 və 145 illik yubileylərinin paytaxt Bakıda və bölgələrdə yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi və sair kimi qərarlar bu istiqamətdə atılan addımlar sırasındandır. Bütün bunlar medianın inkişafına dövlət qayğısının ən bariz nümunəsi olmaqla yanaşı, azad sözə, sərbəst fikrə verilən dəyər, göstərilən diqqətdir.
Ölkəmizdə söz və mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyev həm də jurnalistlərin ən yaxın dostudur. Dövlət başçısının son 17 ildə üç dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin münasibəti və verdiyi dəyərdir.
Bu gün Azərbaycanda azad medianın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Ulu Öndər tərəfindən yaradılan möhkəm təmələ əsaslanır. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Bu gün ölkədə 5 mindən çox medianın mövcudluğu bunun bariz nümunəsidir. Eyni zamanda, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib. Bu gün yüzlərlə azərbaycanlı jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edir. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları media qurumlarının problemlərinin həllinə müsbət təsir göstərib. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına göstərilən dəstəyin daha bir təzahürüdür.
Azərbaycan mediası Zəfərimizin müjdəçisi olmaq arzusuna nail oldu
30 illik müstəqillik tariximizin bələdçiləri olan yazılı və elektron KİV-ləri daim bir arzu, istək birləşdirirdi: Torpaqlarımızın işğaldan azad olunmasının müjdəçiləri olmaq. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz KİV-lərin bu arzusunu da reallığa çevirdi. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən Azərbaycan mətbuatının 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə öz töhfələrinin verdiyi kimi, postmüharibə mərhələsində də bu amalına sadiq qalmaqdadır. Bu gün də mediamız dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir bəyanatın ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəallığını artırır. Ölkə Prezidentinin “Dağlıq Qarabağ məsələsi gündəlik işimiz olmalıdır” çağırışı son 17 ildə mətbuatın fəaliyyətinin əsas prinsipinə çevrildi. Heydər Əliyev siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, həmçinin iştirak etdiyi elə bir beynəlxalq tədbir, görüş olmayıb ki, münaqişənin mahiyyətindən, Ermənistanın işğalçılıq siyasətindən bəhs olunmasın. Azərbaycanın diplomatik uğurları 44 günlük Vətən müharibəsində Zəfərini şərtləndirən amillər sırasındadır.
Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu, sevincli günlərini yaşayan ölkəmizin qazandığı nailiyyətlər Ulu Öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təmələ əsaslanır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşməndən azad edən qəhrəman əsgər və zabitlərimiz Heydər Əliyev siyasətinin, Ulu Öndərin vətənpərvərlik məktəbinin yetişdirdiyi nəslin təmsilçiləridirlər. 44 gündə düşməni məhv edən, təcavüzkar Ermənistanın öz ordusu haqqında yaratdığı bütün saxta mifləri dağıdan Azərbaycan Ordusunun bu qüdrəti Ümummilli Liderin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi inkişaf siyasətindən, qazanılan nailiyyətlərdən, Vətənə, torpağa bağlılıqdan, Azərbaycana sevgisindən irəli gəlir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan qəbul etdiyi qərarlarla Cənubi Qafqaz regionunun inkişaf mərkəzinə çevrilib. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin işıqlı amalları bu gün Onun adını daşıyan Fondun fəaliyyətinin əsasında dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrlə, irəli sürdüyü təşəbbüslərlə Ümummilli Liderimizin ideyaları bütün dünyada xeyirxahlıq, mərhəmət, sevgi, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ruhunda təbliğ edilir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə regionda yeni reallıqlar yaradaraq diktə edən tərəf kimi çıxış edir, dünyada cərəyan edən proseslərə öz təsir imkanlarını günbəgün artırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi bu fikirləri bir daha yada salmaq isdərdim: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» O da bildirilmişdir ki, bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan artıq beynəlxalq media qurumlarına geniş müsahibələri dünya ictimaiyyətinə bu reallıqların çatdırılmasında müstəsna rol oynadı.
Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Onlar 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Jurnalistlərin də Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təlif olunan arasında olması da 4-cü hakimiyyət adlandırılan qələm sahiblərinə böyük etimad və diqqətdir.
Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar mediaya hansı çağırışları edir?
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini labüd edir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, ölkə Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübədən də istifadə edilib. Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın daha da inkişafına imkan verəcək. Yeri düşmüşkən onu da qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Bu sənədə əsasən Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb. Məqsəd Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.
Göründüyü kimi, ölkədə bütün sahələrdə həyata keçirilən islahatlar media sahəsində də təkmilləşməni bir zərurətə çevirdi. Dövlətimizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu reallığı ortaya qoydu ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənəd mətbuatın qarşısında yeni imkanlar açacaq. Bu baxımdan ki, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması bu sahədə yeniliklərin olacağına inamı artırdı. İlk gündən məqsəd və məramının Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətədavamlı görmək olduğunu və bunu atdığı addımları, həyata keçirdiyi layihələri ilə təsdiqləyən Medianın İnkişafı Agentliyinin əsas çağırışı isə budur ki, qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır. Jurnalist peşəkarlığının artırılması, mətbu orqanların iqtisadi müstəqilliyinin təmin olunması əsas prioritetlər sırasındadır. Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalaşmasına, iqtisadi müstəqilliyin təmin olunmasına stimuldur. O da məlumdur ki, Azərbaycanda Vahid Media Reyestri yaradılacaq, MEDİA tərəfindən jurnalistlərə vəsiqə veriləcək. Bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında təqdim ediləcək. MEDİA tərəfindən vəsiqə müəyyənləşdirilən tələblərə cavab verən jurnalistlərə veriləcək. Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələrə diqqət yetirdikdə bunların medianın inkişafına dəstək olduğunu görürük. Agentliyin maliyyə dəstəyindən əlavə, kadr potensialının inkişaf etdirilməsi üçün layihələrin həyata keçirilməsi barədə də təkliflər vardır. Media ictimaiyyəti tam əmindir ki, dövlət başçısı İlham Əliyevin media sahəsində təkmil islahatların həyata keçirilməsi ilə bağlı imzaladığı sənəddən irəli gələn vəzifələrin uğurlu icrası qalib ölkənin mediasının qarşısında geniş imkanlar açacaq.
Bu günümüz üçün bir məqamı da unutmayaq ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da, hələ də ölkəmizə qarşı qərəzli mövqedə dayanan ermənipərəst dairələr əsassız təbliğatlarını davam etdirirlər. Bir vətəndaş, mətbuat nümayəndəsi olaraq belə cəhdlərin qarşısını almaq üçün səylərimizi artırmalı, yalan təbliğatı real faktlarla cavablandırmalıyıq. Hücum diplomatiyası bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu baxımdan ki, Azərbaycan daim inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Ölkəmizin uğurlarını, Zəfərini həzm etməyən dairələrin olmasını da unutmaq olmaz. Onların hər bir cəhdinin qarşısının alınmasında möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməli, 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruq kimi birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməliyik.
Bu il Milli Mətbuat Gününü Zəfər sevinci ilə qeyd ediriksə, növbəti bayramımızda soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsindən qürurlanacağıq. Bu gün Şuşadan dünyaya sülh və əmin-amanlıq, birlik və həmrəylik mesajı ünvanlanır. Cıdır düzündə Novruz tonqalları qalandı. Şuşa mədəniyyət paytaxtı statusunu aldı. Ən əsası Şuşa ənənəvi keçirilən «Xarıbülbül» musiqi festivalına ev sahibliyi etdi. Bunları qələmə almaqdan, işğaldan azad edilmiş ərazilərimizin hər daşı, qayasından reportajlar hazırlamaqdan, bu torpaqlarda həyatın başlanmasından xoşbəxt nə ola bilər ki?!.
Uğurlarımıza, dünyaya səs salan tarixi Qələbəmizə söykənərək bu xoş ovqat əsasında bütün həmkarlarımı 22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik edir, can sağlılığı arzulayır, «qələmləri iti, sözləri kəsərli, dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyətləri davamlı olsun» deyirəm. Gəlin, qalib ölkənin mediası olaraq üzərimizə düşən məsuliyyəti fəaliyyətimizlə bir daha təsdiqləyək!
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist