Yeni dövr: Bakı bu ölkənin müstəqilliyini bu il tanıyacaq?

Yeni dövr: Bakı bu ölkənin müstəqilliyini bu il tanıyacaq?

Rəcəb Tayyib Ərdoğan hər zaman Şimali Kipr Türk Respublikasının (Kuzey Kıprıs Türk Cümhuriyyəti) müstəqilliyinin tanınmasına dövlətimizin əsas işlərindən biri kimi baxıb. Antalya Diplomatiya Forumunda bu məsələnin yenidən gündəmə gətirilməsi də əslində dünyaya bir mesajdır.

Bu sözləri AzerTimes-a Rəcəb Tayyib Ərdoğanın III Antalya Diplomatiya Forumundakı çıxışında Şimali Kiprin tanınması ilə bağlı səsləndirdiyi fikirləri şərh edən terror və təhlükəsizlik üzrə türkiyəli ekspert İmbat Muğlu deyib.

Muğlu Kuzey Kıprısın tanınması məsələsində Türkiyə və Azərbaycanın əsas rol oynadığını vurğulayıb:

“Hazırda Kuzey Kıprısda 180 ölkədən minlərlə tələbə təhsil alır. Kuzey Kıprısın müstəqilliyini tanımaq istəməyən bir çox Qərb ölkələrindən bürokratların, siyasətçilərin övladları burada aldıqları təhsillə öz gələcəklərini qururlar. Bu, əslində Kıprısın dövlət kimi bütün institutlara və s. sahib olduğunu birbaşa sübut edir.

Kiprin tanınması məsələsində Türkiyə və Azərbaycan bütün maneələrə, risklərə, əngəllərə baxmayaraq, tarixi missiyanı üzərlərinə götürüb. Hələ 2005-ci ildə Azərbaycan dövləti riskə gedərək Lefkoşaya birbaşa təyyarə reysi açmaq qərarı verdiyində AB tərəfindən güclü təzyiqlərlə üzləşdi. Şanlı Azərbaycan Ordusunun Qarabağ zəfəri bütün türk dünyasının önündə yeni üfüqlər açdı. Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə Şimali Kipr müşahidəçi statusu ilə təşkilata üzv qəbul edildi. Ötən ilin oktyabrında cənab Ərsin Tatar ilk dəfə Azərbaycana rəsmi səfər etdi. Cənab Tatar eyni zamanda bu ilin iyul ayında TDT-nin Şuşada keçiriləcək növbədənkənar Zirvə Toplantısında da iştirak edəcək. Bu hadisəni türk dünyası üçün yeni dövrün başlanğıcı hesab etmək olar. Fikrimcə, bu il və qarşıdakı 2-3 ildə başda Azərbaycan olmaqla, qardaş Pakistan və digər türk dövlətləri Şimali Kiprin müstəqilliyini tanıyacaq. Bildiyimiz kimi, ötən il avqustunda Rusiyanın Şimali Kiprdə konsulluq açacağı ilə bağlı məlumatlar yayılmışdı. Reallaşacağı təqdirdə Rusiyanın Şimali Kiprin dövlət müstəqilliyini tanıması bütün dünyaya çox böyük bir mesaj olacaq.

Cənab Ərdoğanın da Antalya Diplomatiya Forumunda çıxışı zamanı sadaladığımız məqamları nəzərdə tutduğunu düşünürəm. Çünki Kipr adasında davamlı sülh və sabitliyin təmin olunmasının yolu KKTC-in müstəqilliyinin rəsmi şəkildə tanınmasından keçir. Biz bu məsələyə “Şimali Kipr Türkiyə, Türkiyə Şimali Kiprdir” fəlsəfəsi, düşüncəsi ilə yanaşırıq. Bu yanaşma həm də bütün türk dövlətlərinə və dost ölkələrimizə aiddir. Belə düşüncə və fəaliyyətlə Şimali Kiprin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına nail olacağımıza əminəm”.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti 20 iyul 1974-cü ildə adadakı türkləri soyqırımdan qorumaq üçün Kipr Sülh Hərəkatını gerçəkləşdirib. 1976-cı ildə adada Kipr Federativ dövləti qurulub. 15 noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini elan edib. Hələlik Şimali Kiprin müstəqilliyini tanıyan yeganə dövlət Türkiyədir.

Teqlər: