Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Əliyev Suraxanı rayonuna icra başçısı təyin edilib.
AzerTimes xəbər verir ki, A.Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.
O, 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.
1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.
2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Adil Əliyev parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub.
O, məşhur general, hazırda Belarusda Azərbaycanın səfiri vəzifəsində çalışan Məhərrəm Əliyevin qardaşıdır.
Ailəlidir, üç övladı var.