“Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə olmaqla ictimai-siyasi münasibətlərdə keyfiyyət dəyişiklikləri yaradacaq yeni tarixi mərhələnin əsasını qoydu. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı geniş nitqi çox zəngin və keçilmiş yola verilən qiymətlə, dərin təhlillə səciyyəvidir. Cənab Prezident proqram xarakterli, yüksək intelektual səviyyə ilə seçilən çıxışı ilə ölkəmizin son illərdə keçdiyi tarixi yola bir yekun vurdu və bildirdi ki, Azərbaycan bu gün bölgənin və regionun ən qüdrətli ölkələrindən birinə çevrilib ki, bu da xalqımızın və Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsidir”.
Bu fikirləri AzerTimes-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib.
Deputat bildirdi ki, ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.
Beləliklə də, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi – ərazi bütövlüyümüzün bərpasını təmin etdik”.
Deputat qeyd edib ki, son 17 il ərzində əldə edilən uğurlardan danışan Cənab Prezident Qarabağ probleminin həlli ilə bağlı məsələyə xüsusi toxunub. Ölkə prezidenti bu haqqda belə deyib: “mən son 17 il ərzində Qarabağ probleminin həlli ilə bağlı məsələdə Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını demişəm və bununla əlaqədar olaraq qarşımıza məqsəd qoymuşduq ki, bu işğalın nəticələrini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görək”. Cənab Prezident çox açıq şəkildə bildirir ki, bu dövrdə çox ciddi basqılar və təzyiqlər var idi. Bizi yarımçıq, qeyri-ədalətli və Azərbaycan xalqını qane etməyəcək sülh şərtləri ilə razılaşmağa vadar edirdilər. Amma biz bu yolu seçmədik. Səbrlə, əzmlə başqa bir yolu – ordunun yenidən qurulmasını, güclü ordu yaradılmasını və münasib vaxt yetişdikdə torpaqları öz gücümüzlə azad etməyi məqsəd seçdik”.
Millət vəkilinin fikincə, 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Prezident İlham Əliyev: “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik.”
Cənab Prezidentin bu qətiyyətli mövqeyinə görə Azərbaycan və Azərbaycan rəhbərliyinə böyük ölkələr tərəfindən davamlı təzyiqlər edilmişdir. Amma heç nə PREZİDENTİMİZİ amalından, qətiyyətindən döndərə bilmədi. Prezident İlham Əliyev: “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.”
Azərbaycanın son 17 il ərzində əldə etdiyi tarixi uğurlar nəticəsini verdi. Cənab Prezident qeyd etdi ki, biz qarşımıza xüsusi məqsədlər, proqramlar qoyur və onları icra etməyi bacarırıq. Biz ölkəmizə və regiona yeni reallıqlar təqdim edən ölkəyik və qarşıya qoyulan hədəflərin reallaşdırılmasını təmin edirik. Elə bu səbəbdən Dağlıq Qarabağın işğaldan azad olunması son 17 il ərzində qarşımıza qoyduğumuz vəzifələrin mərhələ-mərhələ həyata keçirilməsi və Azərbaycanın güclü iqtisadiyyata, güclü ordu potensialına malik olmasının nəticəsidir”.
Son 17 ildə əldə edilən uğurların, Cənab Prezidentin qətiyyətli, uzaqgörən, müdrik siyasətinin nəticəsində Azərbaycan Vətən müharibəsində şanlı qələbə çaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi. Əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.
Cənab Prezident İlham Əliyevin sözləri ilə desək : “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir!”