Yelo Bank 2021-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqladı.
Hesabat dövründə Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika qeyd olunub.
2020-ci ilin dördüncü rübü ilə müqayisədə Bank cari ilin birinci rübündə gəlirlərini əhəmiyyətli dərəcədə artırdı. Nəticədə Bank hesabat dövrünü 5.7 mln manat xalis mənfəətlə başa vurdu. Eyni zamanda Bankın cəmi aktivləri 10.5 milyon manat artaraq 401.4 mln manata çatıb.
Bankın kredit portfelində də nəzərə çarpan müsbət dinamika müşahidə olunur. Belə ki, ümumi kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.5% artaraq 328.4 mln manata çatıb. Hesabat dövrü üzrə portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmində 20 mln manat, istehlak kreditlərində isə 8 mln manat artım olub.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri iki dəfədən çox artaraq 9.9 milyon manat təşkil edib.
Hazırda Bankın məcmu kapitalı 59.4 mln manatdır, bu isə requlyativ tələbdən 9.4 mln manat çoxdur.
Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 1-ci rübün maliyyə nəticələrini şərh edib: “Yeni strategiyamızın bəhrəsini artıq görürük. Bankın mənfəətə çıxması müştərilərimizin etibarı və güclü komandamızın birgə işinin nəticəsidir. Ölkə iqtisadiyyatındakı müsbət canlanma siqnalları biznes hədəflərimizin reallaşmasına əlavə təkan verir. Hazırda əsas məqsədimiz pandemiya şəraitində müştərilərimizin gözlənti və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Başladığımız templə davam edərək 2021-ci ili uğurlu nəticələrlə yekunlaşdıracağımıza inanırıq”.