Yazda ölkə üzrə 700 mindən çox meşəcinsli ağac əkiləcək – Xidmət rəsmisi

Meşələrin vacibliyini, meşəbərpa işlərinin önəmini vurğulamaq,
ağac əkinini təşviq etmək məqsədilə hər il 21 mart “Beynəlxalq
Meşələr Günü” kimi qeyd olunur. Azərbaycanda da davamlı olaraq
genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata
keçirilir.

Trend xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi
Vahid Fərzəliyev bildirib.

Mütəxəssisin fikrincə, meşəbərpa işləri məqsədyönlü və elmi
əsaslarla həyata keçirilməlidir. Meşəliklər salınarkən ərazinin
torpaq-iqlim şərtləri və bölgənin relyefinə uyğun bitkilərin
seçilməsi vacibdir.

“Son illər dünyanın əksər ölkələrində monokultural, yəni yekcins
əkinlərə deyil, qarışıq tərkibli əkinlərə daha çox üstünlük
verilir. Çünki qarışıq əkinlərin torpaqqoruyucu, susaxlayıcı və
estetik xassələri kifayət qədər yüksəkdir. Artıq biz də, işğaldan
azad olunmuş ərazilər də daxil olmaqla, meşəsalma işlərində qarışıq
tipli meşə əkinlərinə xüsusi önəm veririk. Eyni zamanda, torpaqda
suyun normal miqdarda və maksimal müddətdə saxlanılmasını təmin
etmək məqsədilə hazırda terras tipli əkinlər həyata keçiririk”.

Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq
ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin
aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700
000-dən çox meşəcinsli ağacın əkilməsi, 6000 kiloqramdan çox
toxumun səpilməsi planlaşdırılır.

Teqlər: