Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək
istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.
Bu barədə
Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr
notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya
sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər.
Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul
olunur.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən
aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı
18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir
sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə
kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az
portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN
İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ
elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən
verilir.
Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı
müraciətlər üçün də keçərlidir.