Yaxşı xəbər: Bu, ölkəmiz üçün yeni fürsətdir – Ekspert

Yaxşı xəbər: Bu, ölkəmiz üçün yeni fürsətdir – Ekspert

“Amerikanin səsi” radiosunun verdiyi məlumata görə, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80% artıb. Azərbaycan Dəmir Yollarının (ADY) hesabatına istinad edilən məlumatda deyilir ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.

O bildirib ki, bu, ADY üçün yaxşı nəticədir:

“Əvvəl də xəbər var idi ki, beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında “Middle Corridor Multimodal Ltd” adlı birgə müəssisə yaradılıb. Bu günlərdə isə ölkələr arasında birgə tarif siyasəti təsdiqlənib – çoxdandır ki, biz buna çağırış edirdik. Vahid tarif siyasəti çox mühim addımdır, yük göndərənlər və yük alanlar üçün hər ölkə ərazisi üçün ayrıca danışmaq, müqavilə bağlamaq sərfəli olmur.

Dünyada savaşın logistika və “karvan yolları” uğrunda getdiyini də nəzərə alsaq, məmləkət üçün ciddi yeni şanslar yaranır – qalır ölkənin qapılarını açmaq, qanunları, vergi-gömrük siyasətini düzəltmək, qanunun aliliyini təmin etmək. Qapalı sərhədlər, səhv vergi-gömrük, iqtisadi siyasətlə yeni yaranan fraqmental dünyada logistika mərkəzinə çevrilmək çətin olacaq – yeni yaranan fürsətlər ölkə iqtisadiyyatı üçün önəmli qapılar açır”.

Teqlər: