Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin son görüşündə İğdır-Naxçıvan-Qars dəmiryolu xəttinin çəkilməsinin yaxın zamanda başa çatacağını bəyan edilib. Yeni dəmiryolu xəttinin istifadəyə verilməsi nələr vəd edir?
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu dəmir yolunun inşası region üçün əhəmiyyətli layihədir:
“Bütövlükdə, Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir. Bu dəmiryolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Sözügedən dəmiryolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıracaq. Nəticədə beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcmi əhəmiyyətli dərəcədə çoxalacaq”.
Ekspert dəmir yolu xəttinin Azərbaycan üçün üstünlüklərinə də diqqət ayırıb:
“Yeni xətt, həmçinin, Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradacaq. Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq”.
Onun sözlərinə görə, bu layihə Zəngəzur dəhlizinin açılması üçün yaşıl işıq sayıla bilər:
“Təbii ki, qarşıda duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasıdır. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisində olan hissəsinin tikinti-quraşdırma işlərinin artıq 80 faizdən çoxunu yekunlaşdırıb, amma təəssüf ki, Ermənistan tərəfindən hələlik ciddi addımlar atılmayıb.
Qafqazdakı son düzən və eləcə də nəqliyyatın inkişafı ilə bağlı Azərbaycanla Türkiyə arasındakı anlaşmalar ondan xəbər verir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi istisna deyil”.