Yaxın zamanlarda Ağdamda Cümə məscidi və Qiyaslı məscidinin
bərpasına başlanılacaq.
AzerTimes-ın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə
açıqlamasında deyib.
O qeyd edib ki, paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər
aparılır.
“Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur
layihələrinin icrası nəzərdə tutulur. Ümumiyyətlə azad olunan
ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix
mədəniyyət abidələri var. Şuşa qalası, Xüdafərin körpüləri,
Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik
yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya
əhəmiyyətli tarix mədəni abidələrdir. Onlardan bəziləri bərpa
edilib. Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Mola Pənah Vaqifin
büstü və məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa edilib. Bunların
ardınca Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bərpası
işləri davam etdirilir”,- deyə o bildirib.