Xəbər - Fidan Babayeva – Trend:
Yaxın zamanlarda Laçın və Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Bunu AzerTimes-a Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələri sahəsində layihələr elektrik enerjisinə tələbdən asılı olaraq hazırlanacaq:
“Azad edilmiş ərazilərdə aparılan monitorinq zamanı külək enerjisi sahəsində ən böyük potensialın Laçın və Kəlbəcərdə olduğu müəyyən edilib. İlkin araşdırmalar göstərib ki, müəyyən ərazilər küləyin sürəti və istiqaməti baxımından külək elektrik stansiyalarının tikintisi üçün uyğundur. Həmin ərazilərdə küləyin orta sürəti saniyədə 12 metrə çatır ki, bu da beynəlxalq standartlara görə, stansiya tikintisi üçün əlverişli hesab olunur”.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.
“Azad edilmiş ərazilərdə külək enerji potensialından səmərəli istifadə üçün enerji idarəetməsinə müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanması planlaşdırılır. Bundan başqa, layihə çərçivəsində bu sahədə beynəlxalq təcrübənin və elektrik enerjisinə tələbin öyrənilməsi nəzərdə tutulur”.
(Tərcümə: Orxan Nəbiyev)