Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan dilindən düzgün istifadə edilməsi istiqamətində televiziyaların monitorinqi başa çatıb. Yaxın vaxtlarda çox böyük həcmli növbəti hesabatımızla ictimaiyyətə açıqlama verəcəyik.
Bunu AzerTimes-a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ana dilindən düzgün şəkildə istifadə olunmasında müəyyən irəliləyişlər var, amma yenə də qüsurlar mövcuddur.
“Bizi ən çox narahat edən problem aparıcıların qüsurlu fərdi üslublarının televiziyalara gətirilməsidir. Digər məsələ dilimizdə qarşılığı olduğu halda alınma sözlərdən istifadə edilməsi və cümlə quruluşlarının pozulmasıdır. Televiziya ən böyük və vacib təbliğat vasitəsidir. Xüsusən pandemiya və müharibə dövründə biz daha çox televiziya ilə ünsiyyətdə olduq. Bütün televiziyalar monitorinqə cəlb olunub. Deyərdim ki, Azərbaycan Televiziyası və İctimai Televiziyada vəziyyət digərləri ilə müqayisədə yaxşıdır. Ümumilikdə qüsurlar subyektin adı çəkilmədən verilişin adı və vaxtı verilməklə hesabatda əksini tapacaq”, – deyə qurum rəhbəri bildirib.