Xəbər - Humay Ağacanova -Trend:
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək.
AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzində olarkən deyib.
Nazir mərkəzdə şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə tanış olub.
Xidmət pəncərələri qarşısında aidiyyəti qurum nümayəndələri və xidmətlərdən yararlanan şəxslərlə söhbət edib, onların göstərilən xidmətlər barədə fikirlərini öyrənib.
Sonra S.Babayev mərkəzə müraciət edən bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüş keçirib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa çatdırdığı Vətən müharibəsindən ötən bir ildə şəhidlərimizin ailə üzvləri və qazilərin hərtərəfli sosial dəstəklə təminatı istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilir.
Bu dəstək tədbirləri artıq 31 mindən çox şəxsi əhatə edib. Onlara sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin operativ həlli, özünüməşğulluq çərçivəsində kiçik bizneslərin qurulması və s. istiqamətlərdə 39 mindən çox xidmət göstərilib.
Nazir dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının da şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə növbəti mühüm dəstək olduğunu vurğulayıb.
Qeyd edib ki, bu mərkəzlərdə həmin kateqoriyalardan olan insanlara 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanları olan 19 qurum tərəfindən 26 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Şəhid ailələri, qazilər bu xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana – vahid əlaqələndirmə mərkəzinə müraciət edirlər.
Avqustun 23-dən ilk mərhələdə Bakıdakı DOST Mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Ötən dövrdə bu mərkəzlərə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 2200-dən çox şəxs müraciət edib.
S.Babayev yaxın vaxtlarda ölkəmizin digər regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb.
Görüş zamanı Vətən müharibəsinin şəhidi Əli Cabbarovun valideynləri Baba və Yeganə Cabbarovlara “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib. Dövlət başçısının Sərəncamları ilə medallarla təltif edilmiş qəhrəman hərbçilərimizin – Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Şükürovun “Suqovuşanın azad edilməsinə görə” medalı həyat yoldaşı Şəmsiyyə Şükürovaya, şəhid Manaf Bəhmənlinin “Kəlbəcərin azad olunmasına görə” medalı anası Suray Bəhmənovaya, şəhid Vahid Abbasovun “Xocavəndin azad olunmasına” görə medalı atası Sahib Abbasova təqdim olunub.
Vətən müharibəsində Şuşa istiqamətində döyüşlərdə şəhid olan və Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Ələsgər Cavadovun atası, II qrup əlilliyi olan Elxan Cavadova isə müraciətinə əsasən mühərrikli təkərli oturacaq verilib.
Şəhid ailəsi üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Görüşdə ölkəmizdə şəhid ailələri və qazilərlə bağlı görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.