Yaxın Şərqdə kimlər, nə uğrunda savaşır? – Korgeneral

Yaxın Şərqdə kimlər, nə uğrunda savaşır? – Korgeneral

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik (korgeneral) İsmayıl Haqqı Pekinin AzerTimes-a Yaxın Şərqdəki hadisələrlə bağlı müsahibəsi:

– Sayın general, Yaxın Şərqdə nə baş verir?

– Yaxın Şərqdə baş verən hadisələr yeni dünya düzəninə keçidin təsirləridir. Yəni ölkələr yenidən qruplaşdırılır, ittifaqlar qurulur və buna uyğun şəkildə layihələr irəli sürülür. Çinin “Bir kəmər, bir yol”, ABŞ-ın Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (İMEC) layihəsi, bizim Zəngəzur dəhlizi və s. var. ABŞ Körfəz ölkələrinin qazını, neftini İsrail və Kipr üzərindən Avropaya daşımaq istəyir. Məqsəd həm bazarlara yeni yol əldə etmək, həm də İsrailin təhlükəsizliyini təmin etməkdir. Proses 2003-cü il İraqın işğalı ilə başladı. “Ərəb baharı”, sonra Suriyada meydana gələn vətəndaş müharibəsi də bu planın bir parçasıdır. Yəni sadaladığımız hadisələr sinir uclarını qıcıqlandırdı və indiki hadisələr meydana çıxdı. ABŞ-ın birbaşa iştirakı ilə ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılması üçün “İbrahim müqavilələri” (Abraham Accords) hazırlandı. Sənədi ilk olaraq İsrail və Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında imzalandı, sonra buna Mərakeşlə Sudan da qoşuldu. Ondan sonra Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin tənzimlənməsi üçün danışıqlar başladı. Dəhlizlər uğrunda mübarizə istər-istəməz bəzi nöqtələrdə münasibətləri gərir və toqquşmalar, müharibələr meydana gəlir. ABŞ-ın ciddi səhvlərinə görə Yaxın Şərqdə meydana gələn güc boşluğu ən çox İranın işinə yaradı. Hər kəs münasibətləri öz mənfəətləri istiqamətində inkişaf etdirməyə, enerji resursu olan ölkələri nəzarətində saxlamağa çalışır. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi də bölgəyə təsirini göstərdi. Çünki Rusiyanın Suriyada da hərbi bazaları var. Moskvaya sanksiyaların tətbiqi və onlara verilən cavablar bölgəni qarmaqarışıq hala gətirdi. 7 oktyabrda HƏMAS-ın basqını vəziyyəti dəyişdirdi. Əlbəttə ki, Çin və Rusiya bu basqını dəstəkləyir. Yəni bununla həm Qərbdən gələn təzyiqi zəiflətdilər, digər tərəfdən isə Rusiya Ukraynada çətinə düşdüyü kimi, ABŞ da Qəzzada problemlərlə qarşılaşdı. Yaxın Şərqdə 1948-ci ildən bəri qurulan təhlükəsizlik sistemi çökdü. Bu, ABŞ-ı çox qorxutdu və hərbi gəmiləri göndərdi. İranın bölgədə Yəmən, İraq, Suriya, Livan və HƏMAS-a qədər uzanan müqavimət xətti var. Hazırda Tehran husilərdən, Livan Hizbullahından və Suriyadakı proksilərindən aktiv şəkildə istifadə edir. Nə ABŞ, nə də İran bir-birini birbaşa hədəf alır. İsrail isə müharibənin yayılmasını və ABŞ burdaykən həm Hizbullahın, həm də İrana bağlı digər qrupların əzilməsini istəyir. Fikrimcə, Vaşinqton və Tehranın müharibəni bölgəyə yaymaq məqsədi yoxdur. Ancaq proksilər üzərindən aşağı səviyyəli toqquşmalar davam edəcək. İsrail Qüds qüvvələrinin yüksək səviyyəli nümayəndələrinin bir neçəsini sui-qəsd və digər yollarla aradan qaldırdı. Təl-Əviv ortaya bir hədəf qoyub. Bunlar ilkin mərhələdə HƏMAS-ı bombalamaq, bölgəni boşaltmaq və kiçik qruplarla prosesi davam etdirməkdir. Lakin plan baş tutmadı, müharibə bəlli bir səviyyəyə çatmadı. Əsas məqsədlərdən biri də Çinin “Bir kəmər, bir yol” layihəsinin orta yolunu bağlamaqdır. Sonra Çin və İran arasında Çabahar limanından Mərkəzi Asiya ölkələrinə qədər uzanan bir xətt, digər tərəfdən Pakistanın Qvadar limanından Çinədək gedən yol var. Hər kəs bir-birini izləyir və həmləsini edir. Belə mürəkkəb vəziyyət bölgədə hələ uzun müddət davam edəcək. Tərəflər də yeni-yeni bəlli olur. Bir tərəfdə Rusiya, Çin və İran, digər tərəfdə ABŞ rəhbərliyində Qərb var. Hindistanın tərəfi hələ tam bəlli deyil. Son günlərdə İran edilən hücumlara qarşı Pakistana raket atdı. Sonra Ərbildə Peşrev Dizayini MOSSAD casusu adı ilə vurdular. Türkiyənin nəzarətindəki İdlib bölgəsində “Şam Qurtuluş Heyəti” (Heyəti-Təhriri-Şam) qruplaşmalarına raket atıldı. Gördüyünüz kimi, bunların heç birində ABŞ, İsrail hədəfə alınmadı. Toqquşmaların Pakistan, Əfqanıstan kimi ölkələrə sıçrama ehtimalı var, diqqətli addımlar atılmalıdır.

– ABŞ və ümumiyyətlə, Qərbin Yaxın Şərqdə izlədiyi strategiya nədən ibarətdir?

– ABŞ və Qərb birmənalı şəkildə İsraili dəstəkləyir. ABŞ-ın əsas məqsədi İsrailin təhlükəsizliyini təmin etməkdir. Vaşinqton eyni zamanda Təl-Əvivi hərbi baxımdan dəstəkləyir və ildə 4 milyard dollar civarında yardım ayırır. İsrail qətiyyən ikidövlətli həll variantını qəbul etmir, ABŞ isə bombardmanın zəiflədilməsini, Avropa ilə birlikdə Fələstin dövlətinin də qurulmasını istəyir. Əlbəttə, bunda nə qədər səmimi olduqları da sual altındadır. Ancaq yəhudi lobbisinin, bankirlərin təzyiqi ilə müəyyən narazılıqlar zamanı səslərini də çıxara bilmirlər. Hindistan da İsraili dəstəkləyir. Baş verən müharibənin Fələstin xalqı üçün çox ağır nəticələri var. Bunun üçün bir cavab olmalıdır. Ümumiyyətlə, İsrail Qəzzanı tamamilə boşaltmaq və özünə tabe etmək istəyir. Əsas məsələ isə Vaşinqtonun bölgədəki təmsilçisi Təl-Əvivin təhlükəsizliyinin təminidir. Ancaq təhlükəsizlik təmin edilərkən həm də ətrafdakı dövlətlər kiçik qruplara ayrılmalıdır. ABŞ Suriyanı, İraqı, İranı parçalamaq və Afrikanın 22 dövlətinin sərhədlərini dəyişdirmək üçün fəaliyyət həyata keçirir. Hazırda isə Suriyanın şimal-şərqində “terroristan” dövləti qurmağa çalışır.

Türkiyə buna bütün gücü ilə qarşı çıxır, İran bəlli bir yerə kimi etiraz edir. Yəni ABŞ İsrailin təhlükəsizliyi üçün millət-dövlətləri parçalamaq və bölgəni yenidən dizayn etmək, burada qarnizon dövləti yaratmaq niyyətilə fəaliyyət göstərir.

– Türkiyənin baş verən proseslərdə mövqeyi nədən ibarətdir?

– Türkiyə əhalinin Qəzzanı tərk etməməsini, ikidövlətli həlli variantının reallaşdırılmasını, Fələstin dövlətinin qurulmasını və İsrailin ifrat gücdən istifadəyə, çoxsaylı mülki itkilərə görə cavab verməsini istəyir. Dövlətimizi dərindən narahat edən digər məsələ ölkəmizin cənub sərhədlərinin yaxınlığında terror dövlətinin qurulması planıdır. Bu “dövlət” İsraillə müttəfiq olacaq. Plan yalnız kağız üzərində deyil. ABŞ Türkiyənin bütün təzyiqlərinə baxmayaraq, həmin bölgədəki terror qruplarından İŞİD-ə qarşı mübarizədə istifadə etdiyi yalanını bəhanə gətirərək onlara dəyəri yüz milyonlarla ifadə edilən silah-sursat göndərir. Bunlardan bir sıra hallarda hərbi bazalarımıza hücumlarda istifadə olunur. Türkiyə bəhs edilən terror dövlətinin qurulmaması üçün 911 km-lik Suriya sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zolağı qurmağa çalışır. Yəni dövlətimiz bir tərəfdən Qəzzanın da daxil olduğu Fələstin dövlətinin qurulmasını istəyir, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və orada terror dövlətinin qurulmasına var gücü ilə mane olur, eyni zamanda İraqın şimalındakı terror yuvalarının məhvi üçün çalışır. Ankara proseslərə bütöv baxır və siyasətini beynəlxalq hüquqa uyğun şəkildə öz milli təhlükəsizlik maraqlarının təmini istiqamətində formalaşdırır.

– Qırmızı dənizin ümumdünya ticarətində özünəməxsus yeri var. Orada son dövrdə baş verən prosesləri necə dəyərləndirirsiniz?

– Livan Hizbullahı, eyni zamanda Suriyada İrana bağlı olan silahlı ünsürlər fasilələrlə İsraili atəşə tutur, qarşı tərəf isə buna cavab atəşi açır. Son dövrdə isə husilər Qırmızı dənizdəki ticarəti əngəlləməyə çalışır. Onlar İsrailə yük daşıyan gəmiləri atəşə tutur, dayandırır və hərəkətinə mane olurlar. ABŞ Qırmızı dənizin girişi və Süveyş kanalının çıxışı arasındakı sahədə təhlükəsiz ticarət üçün koalisiya qurdu. İngiltərə və ABŞ husiləri atəşə tutdu, bu dəfə Ənsərullah Rusiya və Çin gəmiləri istisna olmaqla bütün gəmiləri saxlayacaqlarını bildirdi. Husilərin hücumları gəmilərin Süveyş kanalı yerinə Ümid burnundan Afrikaya doğru getməsini təmin etdi. Bu da zaman keçdikcə gecikmələrə və tədarük zəncirində ciddi problemlərə səbəb olacaq. Gecikmələr, daşınma və sığorta xərclərində olan artım təbii şəkildə bahalaşmaya gətirib çıxaracaq. Fikrimcə, yaxın zamanda neftin də bahalaşması mümkündür. Tədbirlərin görülməsi vacibdir. Önümüzdəki günlərdə Yəməndə husilərlə bağlı toqquşmaların yaşana biləcəyini düşünürəm. Çünki Yəmən hökumətinin də husilərlə problemləri var. Qırmızı dənizdəki vəziyyət və Süveyşdən istifadə olunmaması 110 milyonluq Misirin iqtisadiyyatına da çox mənfi təsir göstərəcək. Məsələn, ötən ilin əvvəlindən iyuladək Qahirə həmin kanaldan 9 milyard dollar gəlir əldə edib. İndi isə bu azalıb. Qəzzadakı müharibə ABŞ və Avropanın gücünün bölünməsinə, Ukraynaya dəstəyin azalmasına səbəb oldu, eyni zamanda Rusiyanın Qərbi sıxışdırması məsələsi gündəmə gəldi. Hazırda Somalilend məsələsi də yavaş-yavaş qızışır. Efiopiya Somalilendlə müqavilə imzalayıb və müstəqilliyini tanıyıb. Ona görə də Somali və Avropa orada da aktivləşib. Efiopiyanın inşa etdiyi “Renesans” su anbarı ilə bağlı məsələdə də gərginlik var və bu, ən çox Misirə təsir edir. Yəni ortada mürəkkəb bir düyün var. Ancaq bu düyün açılacaq və hər kəsin tərəfi, mövqeyi bəlli olacaq. Toqquşmalar isə proksilər vasitəsilə davam etsə də, dünya müharibəsinə səbəb olmayacaq.

Teqlər: