Yaxın gələcəkdə “Böyük Qayıdış”ın reallaşması üçün bütün mövcud potensiallar səfərbər olunub – Səttar Möhbalıyev

“Yenilməz və qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq
salnaməsinin parlaq səhfələrindən birini Zəngilan rayonunun
işğaldan azad edilməsi təşkil edir. Sərhəd Qoşunlarımızın
komandanlığı altında aparılan əməliyyat nəticəsində rayon qısa
müddətdə işğalçılardan təmizləndi. Ümumilikdə Zəngilan döyüşləri
nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan
şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bu
döyüşlərdə Ordumuzun göstərdiyi misilsiz rəşadət düşmənin işğalçı
qüvvələrinin sarsılmasına, ruh düşkünlüyünə, fərariliyin artmasına
gətirib çıxardı. Həmçinin Silahlı Qüvvələrimiz düşmən üzərində
psixoloji üstünlük qazanaraq digər rayonlarımızın işğaldan azad
edilməsi prosesini daha böyük uğurla və yüksək ruhla davam
etdirdilər”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğal müddətində Şərqi Zəngəzurun və
Qarabağın digər əraziləri kimi, Zəngilan da düşmən barbarlığına
məruz qalmış, demək olar ki, bütün tikililər, o cümlədən tarixi və
dini memarlıq abidələri məhv edilmişdir: “Onlar xalqımıza məxsus
olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstəriblər.
Bunun mümkün olmadığını gördükdə isə onları dağıdıb, təhqir
ediblər. Amma bu gün işğaldan azad edilmiş başqa rayonlarımız ilə
bərabər Zəngilanda da kompleks şəkildə yenidənqurma-bərpa işləri
aparılır. Burada da görülən işlər dövlətimizin başçısı cənab İlham
Əliyevin diqqət mərkəzindədir. Prezident və birinci xanım Mehriban
Əliyeva dəfələrlə Zəngilana səfərlər edərək quruculuq işləri ilə
yerindəcə tanış olublar. Bu, onu göstərir ki, “Böyük Qayıdış” üçün
bütün mövcud potensiallar səfərbər olunub. 1-ci, 2-ci və 3-cü Ağalı
kəndləri “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulur.
Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikilir.
Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi
tarixə düşəcək. Burada “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı
kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasını xüsusi olaraq
vurğulamaq istərdim. Bu layihənin çox böyük strateji əhəmiyyəti
var. Ən əsası dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların
gəlməsi, həm də yüklərin daşınması üçün çox əhəmiyyətlidir. Hava
limanının inşası isə rayonla yanaşı, ümumilikdə bölgənin beynəlxalq
nəqliyyat-logistika mərkəzinə çevrilməsinə gətirib çıxaracaq”.

“Prezident İlham Əliyev Zəngilan rayonuna xüsusi nümayəndənin
təyin olunması ilə bağlı çıxışında qeyd etdi ki, Zəngilan birinci
rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya
qayıdacaqlar. İnanırıq ki, burada yaradılan sosial-iqtisadi şərait
sakinlərin rahat yaşaması üçün əlverişli olacaq. Rayonun coğrafi
mövqeyi və təbii sərvətləri burada biznesin inkişafına, məşğulluğun
təmin olunmasına əlavə güc qatacaq. Həmçinin rayonun kənd
təsərrüfatı potenisalı da yüksəkdir. Bu da rayonun iqtisadi
inkişafına və məşğulluğun artmasına xeyli imkanlar yaradacaq və
bütövlükdə bölgənin dirçəlməsinə təkan verəcək”,, – S.Möhbalıyev
qeyd edib.

Teqlər: