Yataqxana tipli binalardakı mənzillər hansı hallarda özəlləşdirilə bilər? – Ekspertdən AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Yataqxana və yataqxana tipli binaların sahəsi digər lahiyəli mənzillərdən az olur. Yataqxanalar bir qayda olaraq hansısa əmək və ya təhsil müəssisələrinin balansında olur və müvəqqəti yaşayış üçün verilir.

Bunu Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

O qeyd edib ki, hansısa müəssisədə işləyib və yataqxanasında qalan işçi işdən çıxdıqda həmin mənzili təhvil verməlidir.


“Bu tipli binalardan mənzil almaq mümkün deyil. Bəzi müəssisələr var ki, artıq ləğv olunub. Həmin müəssisələrin yataqxanaları Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçir. Belə olduqda müəssisədə işləyib oranın yataqxanasında yaşayanlar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməklə mənzili özəlləşdirə bilərlər. Paytaxtımızda və ətrafında bu tipli binalar var. Bu binaların böyük əksəriyyəti istismar dövrünü başa vurub, sökülməsi də icra edilməkdədir. Keçmiş qaçqın və məcburi köçkünlərə də mənzil tikildikcə onlar müvəqqəti məskunlaşdıqları yataqxanalardan köçürülür. Belə olduqda həmin binaların əmək kollektivləri tərəfindən özəlləşdirilməsi, sökülüb yerində təzə binanın tikilməsi mümkün ola bilər”, – deyə ekspert bildirib.

Teqlər: