Yaşıllıqları məhv etmə və ya zədələməyə görə sanksiyalar sərtləşdirilir.
AzerTimes xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Cinayət Məcəlləsində 260-cı maddənin (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə) adında “meşələri” sözü “ağacları, kolları” sözü ilə əvəzlənir.
Beləliklə, hazırda odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə, bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihəyə əsasən odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda (beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu əməllər külli miqdarda (iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan qanuna əsasən, yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihəyə görə, yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmin əməllər külli miqdarda (iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.