IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-a bildirilib ki, bu gün Masallı və Yardımlı rayonlarında keçirilən aksiyaya Azərbaycan Televiziyasının əməkdaşları da qoşulub.
Nazirliyin rəsmilərinin, IDEA İctimai Birliyinin, rayon İcra Hakimiyyətlərinin nümayəndələrinin və könüllülərin iştirakı ilə meşə fondu torpaqlarının 2 hektar ərazisində 3200-dən artıq göyrüş ağacı əkilib, 100 kiloqram palıd toxumu səpilib.
Eyni zamanda bu gün Oğuz, Qəbələ, Şəmkir və Bərdə rayonlarında da ağacəkəmə aksiyaları təşkil olunub. Gün ərzində ölkə üzrə ümumilikdə 10 minə yaxın müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində daha bir aksiya da həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Koroğlu” m/s yaxınlığında yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib.
Ağacların paylanması aksiyası davam edəcək.