“YAŞAT” Fondu ölkə başçısının müvafiq Fərmanı ilə yaradılıb. Fond yaradılan gündən bir platforma – yashat.gov.az təsis olunub və “YAŞAT” Fondunun fəaliyyəti həmin platforma üzərindən həyata keçirilir. Saytın “Müraciət et” bölməsinə Fərmanla “YAŞAT” Fondunun əhatə dairəsinə aid olan şəxslər müraciət edə bilərlər. Fondun əhatə dairəsinə aid olan şəxslər şəhidlərin ailə üzvləri, müharibə zamanı xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərdir. Fondun fəaliyyəti çərçivəsində əsas məsələlərdən biri də şəffaflığın, operativliyin və hesabatlılığın təmin edilməsidir.
Fondun fəaliyyətini təşkil edən struktur vahidində çalışan əməkdaşlar şəhidlərin ailə üzvləri, eləcə də qazilərdən ibarətdir. Bu komanda ilə biz böyük işlər görürük.
Trend xəbər verir ki, bunu xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresində “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.
Onun sözlərinə görə, “YAŞAT” Fondu yaranan andan etibarən əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər: “Bundan əlavə, sayt üzərindən 2 min 690 ağır yaralanmış qazimiz qeydiyyatdan keçib. Ümumilikdə Fondun əməkdaşları 14 mindən çox şəhid ailə üzvü və yaralı ilə görüşüb. Onların problemləri, ehtiyacları dinlənilib və qeydiyyata alınıb. Ümumi müraciətlərdən 5 min 685-i artıq öhdəliyə götürülüb.
Fondun dörd fəaliyyət istiqaməti var. Onlara məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması və təhsil xərclərinin ödənilməsi aiddir. Bu istiqamətlər üzrə 4 mindən çox insana dəstək göstərilib.
Bu platformanın yaradılma məqsədlərindən biri də hesabatlılığın və şəffaflığın təmin edilməsidir”.
O bildirib ki, hazırda “YAŞAT” Fondunun prioritet məsələlərindən biri də ağır yaralanmış qazilərin öz sağlamlıqlarına qovuşmalarıdır: “Bu sahədə də kifayət qədər böyük işlər görməyə çalışırıq. Belə ki, İsraildən dəvət olunmuş oftalmoloqlar tərəfindən 140-dan çox qazinin gözü müayinə olundu, əməliyyatlar aparıldı, bəzi qazilərin gözlərinə protezlər yerləşdirildi. İsrailli həkimlər ölkəmizə humanitar yardım məqsədilə gəlmişdilər.
Yaralıların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması məqsədilə onların müalicəsi həm ölkəmizdə, həm də Türkiyə Respublikasında aparılır. 51 ağır yaralı qazimiz müalicə məqsədilə qardaş ölkəyə göndərilib. Ən böyük istəyimiz əlil arabasında və ya xərəkdə yola saldığımız ağır yaralı qardaşlarımızın ölkəmizə ayaq üstə geri dönmələrini görməkdir. Biz bunun üçün əlimizdən gələni edirik. Növbəti siyahılar hazırdır. Qarşıdakı günlərdə onlarla qazimiz müalicə üçün Türkiyəyə göndəriləcək. Onu da qeyd edim ki, beş qazimiz sağlamlığına qovuşaraq ölkəmizə geri qayıdıb. Bu, bizi çox sevindirir.
Fondun fəaliyyəti çərçivəsində müxtəlif layihə və aksiyalar da həyata keçirilir. Bunlardan biri sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə bağlı olan layihədir. Həmin layihə çərçivəsində şəhid övladlarının ilkin olaraq zəruri xərclərinin qarşılanması məqsədilə körpələrin analarına 1000 AZN vəsait təqdim olunur. Ondan sonra həmin uşaqlar üçün bank hesabı açılır və müqavilə bağlanır. Həmin bank hesabına Fonda edilmiş ianələr vasitəsilə 5000 AZN vəsait yerləşdirilir. Vəsait 16 yaşı tamam olduqdan sonra uşağın özü tərəfindən bank hesabından çıxarıla bilər. Bankla edilmiş razılaşmaya əsasən vəsaitin üzərinə illər üzrə faiz gələcək. Uşağın anası valyutanı istədiyi kimi dəyişə bilər. Həmçinin ana ilə bank arasında bağlanmış müqaviləyə əsasən həmin vəsait bəzi istisna hallarda qeyd edilən vaxtdan tez hesabdan çıxarıla bilər.
Bundan əlavə, Fondun əsas istiqamətlərindən biri də təhsil istiqamətidir. Biz çalışırıq ki, həm qazilərin özlərinin, həm də şəhidlərimizin övladlarının yüksəksəviyyəli təhsil xidmətlərindən faydalanmasına nail olaq. Bir neçə özəl məktəblə danışılıb və onlarla müqavilələr bağlanılıb. Bu barədə elan da verilib. Şəhidlərin övladları həmin elan üzrə qeydiyyatdan keçərək müvafiq prosedur-qayda təmin olunduqdan sonra o məktəblərdə ödənişsiz olaraq təhsil alacaqlar. Həmçinin ölkə xaricində təhsil alan şəhid övladları var ki, onların da bir neçəsinin təhsil xərclərini “YAŞAT” Fondu qarşılayacaq”.