Xəbər - Samir Əli – Trend:
Bu günə qədər “YAŞAT” Fondu fəaliyyət istiqamətləri üzrə 49 milyon 497 min manat məbləğində vəsait xərcləyib.
AzerTimes-ın məlumatına görə, bu barədə bu gün Bakı Konqres Mərkəzində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının 1 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.
“Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 manat, İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 11 128 461.65 manat olub”, – deyə Ü.Mehdiyev deyib.