“Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi üçün effektiv və əlçatan platformadır – Pərvin Kərimzadə

44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafinda sıx birləşərək böyük qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğuru həm də regionda sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu.

Müharibəni qələbə ilə başa vuran Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların ailələri, Qarabağ müharibəsi əlilləri,qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resurslarından istifadə edir. Bu da ölkə Prezidentinin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir.

Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. Fondun vəsaiti hesabına istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlər həll olunur.

Dövlət tərəfindən həssas kateqoriyadan olan insanlara bütün zəruri yardımlar göstərilir, “YAŞAT” Fondu fəaliyyəti ilə dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verir. Qısa müddət ərzində 2881 şəhid ailəsinin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Hal-hazırda öhdəliyə götürülmüş şəxslərin sayı 5554 nəfərdir. Fondun dəstəyi ilə qazilərimizin xarici ölkələrdə müalicələri təşkil edilmişdir. Eyni zamanda “YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün humanist layihə həyata keçirir. Layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunacaq. Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılır və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Əslində “Yaşat”Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün şəffaf, effektiv və əlçatan platformadır. Bütövlükdə, Fondun yaradılması Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Bu gün ölkəmizdə şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirimiş hərbçilərimizin qayğıları dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, bu kateqoriydan olan insanları narahat edən məsələlər, problemlər həllini tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışında deyib, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib: Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Dövlət başçısı qeyd edib ki, digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir: “Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.Mən bu rəqəmləri sadalamaqla dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə gətirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir”

Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə döyüş meydanında qazanılmışdır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğı göstərir.Azərbaycan dövləti hər zamankı kimi bu gündə vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, Şəhid ailələrinə və qazilərə diqqət və qayğı dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir.

Pərvin Kərimzadə,
Milli Məclisin deputatı

Teqlər: