Xəbər - Samir Əli – Trend:
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ilk həftəsi başa çatıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agnetliyindən AzerTimes-a verilən məlumatda bildirilir ki, səhər idmanında uşaqlara Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Uşaqlar “face art” tədbirində, o cümlədən musiqili əyləncə proqramında xoş vaxt keçiriblər.
Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
İştirakçıların, həmçinin İctimai Radionun direktoru DJ Fateh ilə görüşü təşkil olunub.
Sonda birinci “YAŞAT” düşərgəsinin bağlanış mərasimi təşkil olunub. Mərasimdə iştirakçılara sertifikatlar təqdim olunub.
Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.