“YAŞAT” düşərgəsi zəngin proqramı ilə davam edir (FOTO)

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi davam edir.

AzerTimes xəbər verir ki, düşərgənin üçüncü günündə səhər idmanın ardından iştirakçılar üçün fərdi psixoloji konsultasiya təşkil olunub.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə yaradıcı intellekt müsabiqəsi – “Spagetti körpüsünün qurulması” yarışı təşkil olunub.

Uşaqlar, həmçinin yunan-roma güləşi üzrə Dünya Çempionu, Birinci Avropa Oyunlarının qalibi və Olimpiya mükafatçısı Rasul Çunayevlə görüşüb, xoş idman vaxtı keçiriblər.


Düşərgə çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı və musiqili əyləncə saatı da təşkil olunub.

Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Teqlər: