Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və
dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində
fəaliyyətini davam etdirir.
Nazirlikdən
Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinə
Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 71A
ünvanında yerləşən “Yasamal-54” MMC-yə məxsus onaltımərtəbəli
yaşayış binasında iki ədəd liftin qəzalı vəziyyətdə istismar
olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri
tərəfindən həmin binadakı liftlərə texniki baxış keçirilib. Baxış
zamanı həqiqətən də liftlərin müvafiq təhlükəsizlik tələblərinə
riayət olunmadan istismar edildiyi və beləliklə, insan həyatı və
sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd olunanlar nəzərə alınaraq, liftlərdə aşkar edilmiş texniki
təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün
“Yasamal-54” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, sözügedən
MMC-nin rəhbərliyinə yalnız qayda pozuntularının aradan
qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı izah
edilib, eyni zamanda liftlərin müvafiq normalara riayət olunmadan
istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə
məsuliyyət daşıdıqları diqqətə çatdırılıb, müvafiq akt tərtib
edilib.