Yasamalda bu binaların sakinlərindən vergi yığılır – SƏBƏB (FOTO)

Xəbər - Asif Mehman – Trend:

Yasamal Bələdiyyəsi tərəfindən rayon ərazisində yerləşən yeni
tikili binaların sakinlərinə bildiriş göndərilərək ildə bir dəfə
əmlak vergisi ödənilməli olduğu bildirilir. Bildirişdə həmçinin
qeyd olunub ki, vətəndaş əmlakın müvafiq sənədlərini Yasamal
Bələdiyyəsinə təqdim edib, yerli vergi ödəyicisi olaraq uçota
düşməlidir.

Yasamal Bələdiyyəsindən AzerTimes-ın sorğusuna cavab olaraq
bildirilib ki, bildirişlər əmlak vergisi ilə bağlı qanunvericiliyə
uyğun olaraq göndərilir.

Trend xəbər verir ki, əmlak vergisi ilə bağlı qanunvericilikdə
qeyd olunub ki, fiziki şəxslərdən mülkiyyətində olan mənzilə görə
əmlak vergisi yaşayış sahəsinin hər kvadratmetrinə əsasən
hesablanır. Bu hesablama həmin əraziyə nəzarət edən bələdiyyə
tərəfindən həyata keçirilir.

Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət hüququnu təsdiq
edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın
yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota
durmalıdır.

Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o,
bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan
müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport
qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində
müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.

Fiziki şəxsin hər bir əmlakı yerləşdiyi bələdiyyənin vergi
xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.

Bakı üzrə isə bu vergi hər kvadratmetr üçün 40 qəpikdir. Əgər
həmin əmlak yaşayış sahəsidirsə bu sahənin 30 kvadratmetri vergidən
azad edilir.

Yəni əgər mənziliniz 100 kvadratmetrdirsə, ödəniş bu qayda da
hesablanır.

(100-30)x0,4= 28 manat

Bu vergi isə ildə bir dəfə olmaqla toplanılır. Digər ərazilər
üzrə əmlak vergisi isə aşağıdakı kimidir:

Yaşayış məntəqələri

Vergi miqdarı(hər kvadratmetr üçün manatla)

Bakı

0.4

Gəncə, Sumqayıt və Abşeron rayonu

0.3

Digər şəhərlər(rayon tabeliyində olan şəhərlər istisna olmaqla),
rayon mərkəzləri

0.2

Rayon tabeliyində olan şəhərlərdə və kəndlərdə(Bakı və Sumqayıt
şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna
olmaqla)

0.1

Teqlər: