Yasamalda 4 küçə yenidən qurulur (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal
rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən
uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda
yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçə və yollarda
aparılır.

Agentlikdən AzerTimes-a bildirilib ki, bu istiqamətdə rayon üzrə
ümumi uzunluğu 1 km-dən çox olan 4 küçədə yenidənqurma işləri icra
olunur.

Aparılan təmir işləri çərçivəsində 318 metr uzunluğa malik
Mirzəağa Əliyev küçəsində genişləndirilmə, 736 p/m bordür
daşlarının dəyişilməsi, 950 p/m tamet daşlarının düzülməsi işləri
görülüb. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 3600 kv.m
təşkil edir.

Təmir işləri Bəşir Səfəroğlu küçəsində də aparılıb. Küçənin
uzunluğu 316, eni ortalama 9 metr təşkil edir. Küçə boyu 724 p/m
bordür, 846 p/m tamet daşı düzülüb. Ümumilikdə 3320 kv.m sahədə
təmir işləri görülür.

Təmir işlərinin icra olunduğu daha bir ərazi Çingiz Mustafayev
küçəsidir. 202 metr uzunluğa, 6 metr enə malik küçəyə 327 p/m
bordür, 577p/m tamet daşı düzülüb.

Anoloji işlərin aparıldığı İsmayıl bəy Qutqaşınlı küçəsinin 194
metr uzunluğa malik hissənin eni 15 metrdir (Mirzəağa Əliyev küçəsi
ilə Bəşir Səfəroğlu küçələrinin kəsişməsinə qədər olan hissə).

Sadalanan küçələrdə “İnşaat Norma və Qaydaları”na əsasən zəruri
yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb,
əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr
profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından
yol əsası işlənilib və bunun ardınca 20 sm qalınlıqda 3 qat yeni
asfalt-beton örtüyü döşənib.

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal
kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya
sistemlərinin bərpa olunması və işlək vəziyyətə gətirilməsi,
yeraltı kommunikasiya xətlərinə baxış qapaqlarının, həmçinin yağış
barmaqlıqlarının qoyulması, yeni yağış quyularının tikintisi də
yerinə yetirilib.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin
təşkili üçün küçələrdə parklanma yerləri təşkil ediləcək, üfüqi
nişanlanma xətlərinin çəkilişi və yol nişanlarının quraşdırılması
işləri icra olunacaq.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün
təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına
gətirib çıxaracaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib
olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında
yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika
cəlb edilib.

Teqlər: