Mədəniyyət bir çox dəyərlərin məcmusudur. Böyük xalqlar mədəniyyətdən sivilizasiyaya keçirlər. Azərbaycanda isə əyalət kültüründən özünəməxsuz mədəniyyətə keçid edə bilməyən bir cəmiyyət var. Çünki fəlsəfəsi, sosiologiyası, texniki elmləri, dini müstəqil sahələr kimi inkişaf etdirilməyib. Anlaşılan budur ki, “Azərbaycan mədəniyyəti – 2040” strategiyasının içində bu boşluqları tamamlayan hər şey olacaq. Mədəniyyətimizin bütün sahələrin inkişaf etdirilməsinə dair xeyli maraqlı mülahizələr yer alacaq.
Hər zaman bu kimi məsələlər ortaya qoyulanda öncə hədəfi araşdırmağa çalışıram. Bizdə bu sayaq ənənəvi mətnlərdə əməli davranış hissəsi ən çox yer alan “inkişaf etdirmək” və “qorumaq” ifadələri üzərində yoğunlaşır. Qeyd edim ki, Azərbaycanın yeni mədəniyyət naziri öz sahəsində ciddi bir işlər görməyə qərarlıdır, kommunikativdir və hüquqşünas kimi davranışlarında konkretlik keyfiyyəti açıq hiss olunur. Nə dərəcədə mədəniyyətimizin illərlə təxirə salınmış problemlərini çözə biləcək, bu sahənin sosial müavinət sferasından mədəni sferaya transformasiyasını necə uğurla gerçəkləşdirəcək, açığı indidən söyləmək çətindir. Bütün hallarda “Azərbaycan dili və ədəbiyyatı” başlıqlı bir forumun keçirilməsi, təklif və iradların dinlənilməsi, müzakirələrin aparılması faydalı sayılmalıdır. Hətta forumun ilk günü Şamaxıda təbii mühitdə, ardınca da Gülüstanda sintetik mühitdə keçirilməsi onu göstərir ki, dilimizin də, ədəbiyyatımızın da təbii və sintetik yönlərini yaşadığımız mühitin tələblərinə görə dərininə təhlil etməliyik.
Azərbaycanda xeyli uğursuz insanların məşğul olduğu xüsusi bir diletant dilsevərlik arenası var. “Dilimiz dağılır, dilimiz ölür, onu bu küləkdən, o kələkdən qorumaq lazım” deyə hər platformada həyəcan qaldırırlar, ancaq “dilin problemi həqiqətənmi budur” sualına doğru-dürüst cavab verə biləcəklərinə əmin deyiləm. Axı Azərbaycan dili dövlət dilidir və başqa bir alternativ dövlət dilimiz yoxdur! Bütün yazışmalarımız Azərbaycan dilində aparılır və bu dildə yazılan hansısa mətni kimsə geri çevirə bilməz! Məncə bu kifayətdir. Bundan sonrasını artıq Azərbaycan dili mövzusunda illərdir yazılan və ya yazdırılan mənasız və köçürmə dissertasiyaların hesabına qazanılan titulların menyusuna buraxmaq lazımdır.
Bizdə dilin qorunması, onun inkişaf problemi elə də qaçaraq şəkildə qarşımızda durmur. Əksinə, tək bir problemimiz dilin zənginləşməsidir! Terminoloji, bədii zənginləşmə! Bunun da əsas dərmanı zəngin ədəbiyyat nümunələrinin və sahəvi keyfiyyətli tərcümə şəbəkəsinin yaradılmasıdır. Bizdə nəinki ədəbi dil, hətta qrotesk, yəni gülüş, söyüş dili də olduqca məhduddur və başqa mənbələrdən qidalandırıcı elementləri almağa mühafizəkar baxışlarımız imkan vermir.
Bir şeyi unutmamalıyıq ki, bizim dil lokal dildir. Dünyada meta-dil kateqoriyasına aid olan yunan və latın dilləri başqa dillərin alt sisteminə öz anlayışlarını yerləşdirə bildiyinə görə digər dillərdən fərqlənir. Hazırda dünya dili hesab olunan ingilis dili, yaxud mədəniyyət dili sayılan fransız dili və ya fəlsəfə dili sayılan alman dili bu meta-dil kateqoriyasına aid edilmirlər. Bu cür dünya dillərinin özlərini qoruyuculuq həssaslıqları bir-biriləri ilə olan rəqabətlə bağlı məsələdir. Ona görə də bizim dilimizin qapalılığında israrçılığın, onun saflığının qorunması adı altında atılacaq zədələyici addımların ağır nəticələrini sonradan ortadan qaldırmaq çətin olacaq. Biz dilimizin qapılarını açıq tutmalıyıq, onun yeni sözləri qəbul etməsindən qorxmamalıyıq, çünki bu yeni terminlər dili heç vaxt öldürməz, sadəcə onu zənginləşdirər. Sənin fəlsəfə dilin, informasiya-kommunikasiya dilin, texniki dilin, tibb dilin, iqtisadi dilin məhz peşəkar tərcümə axınının olmamasına görə Aral dənizinin aqibətini yaşamağa məhkumdur. Ensiklopediya dilin isə bərbad gündədir və müstəqillik dövründə bu vacib problemi hələ də çözə bilməmişik.
Problemin loru ifadəsi budur: Dilin əbədi bakirəliyini necə qoruyaq yerinə, dili necə evləndirək ki, burada keyfiyyətli nəsil artımı olsun. Qohum dillərlə evləndirəcəksənsə, ortaya çıxan məhsulun xəstəlik xassələri daha çox olacaq. Yadlarla qohumluq yolunu seçəcəksənsə, hər cür fantaziya ilə üzləşmək riskini göz önünə almalısan. Ona görə sanballı elmi-publisistik nəşrlərin, ədəbiyyat və tərcümə nümunələrinin sayını və keyfiyyətini artırmaq lazımdır. Ən mühim məsələ kimi yeni peşəkar tərcüməçi nəslinin yetişməsinə vəsait xərcləməkdə xəsislik etməməliyik, eyni zamanda fəlsəfə, hüquq, iqtisadiyyat, sosiologiya və başqa sahələrə aid tədqiqat əsərlərinin operativ tərcüməsi üçün ciddi bir tərcümə strukturu formalaşdırmalıyıq. Ardınca elmin, sənətin, ədəbiyyatın ideologiyasızlaşdırılması həyata keçirilməlidir. Əslində cəmiyyət xalça kimidir. Onu ədəbiyyatın sehrli çubuğuyla yazıçı, şair çırpmalıdır. Əks halda, bu xalça kirli qalacaq, toz basacaq. Bu günün Azərbaycan yazıçısı toz-tozanaq qaldırmaqdan qorxur. Birinci növbədə öz nəfəs borusuna tozun dolacağından qorxur. Bu halda isə ədəbiyyat hadisəsinin baş verməsi çətin olur.
Tariximizin qaranlıq boşluğunda parlayan “Kitabi Dədə Qorqud” kimi nəgəng dil-ədəbiyyat abidəsinin, eləcə də klassik poeziya və dastan nümunələri üzərində daim oyalanmaqla bir yana varılamaz. Çağımızda sivilizasiyaya töhfə verəcək nəyi yarada bilirik sualı üzərində baş sındırmalıyıq. Dürüst insanların müəyyənləşdirdiyi formatda “İstedadın dəstəklənməsi Fondu” yaradılmalıdır. Ayrı-ayrı sahələrdə yetişmə potensialı olan istedadların üzə çıxarılıb dəstəklənməsi siyasətinə yönəlməliyik.
Təhsilimizin çökmüş binasının altından elliklə mədəniyyət qoruyuculuğu və ya təəssübkeşliyi gözləməyə dəyməz. Bizdə məktəb ideoloji məkandır. Məktəbi hələ də inkişaf etmiş ölkələrdəki kimi ideyalar məkanına çevirə bilmirik. Bizdə məktəbin hədəfi dövlət üçün layiqli vətəndaş yetişdirməkdir. Bu hədəf cəmiyyət üçün ideyalı şəxsiyyət formalaşdırmaqla əvəz olunmadıqca məktəbin faydasından danışmaq çətin olacaq. İdeyasız vətəndaş sonradan dövlət üçün bəlkə də ən böyük yükə çevrilir. Bütün natamamlıqlar təhsil prosesi və elmi fəaliyyətin vəhdətinin optimal modelinin tapılmamasından irəli gəlir. Çox zaman fəlsəfənin predmet olaraq açıqlaya bilmədiyi bu modelin qanunvericilik sferasında şərhi də xeyli praktik çətinliklər yaradır. Bir məqam unudulmamalıdır ki, elm təhsilin nəticəsidir, elmin nəticəsi isə konkret ixtiralar və kəşflərdir. O yerdə ki, təhsil elmi biliklərin mənimsənilməsinə doğru yönəlmir və elmi fəaliyyətlə vəhdət təşkil etmir, onun ictimai tərəqqiyə də töfhəsi olmur.
Odur ki, öz evinin standart arxitekturasından başqa Azərbaycana vaxtilə sürgün olunmuş alman kimi, malakan kimi klub, kitabxana, mədəniyyət evi yaratmağa həvəsi olmayan bir toplumu yalandan mədəniyyətin hamisi kimi qaza gətirib vaxt itirincə, onu sərt şəkildə az sayda istedadlı insanın yaşatdığı mədəniyyəti çökdürməməyə məcbur etməliyik.
Fikrimcə, Azərbaycanın çağdaş mənəvi mədəniyyəti deyilən nəsnə 1828-ci ildə Türkmənçaydan başlayaraq, sovet dövrü də daxil, indiki müstəqillik dövrünü əhatə edir. Yəni Axundovla başlayan yazılı ədəbiyyatn, nəsrin, fəlsəfənin və teatrın, Zərdabi ilə başlayan publisistikanın, Zivərbəyovla başlayan arxitekturanın, Üzeyir bəylə başlayan operanın, Əfrasiyab bəylə başlayan baletin, malakan əsilli təhsil mücahidi Çernyayevski ilə başlayan Qori müəllimlər seminariyasının, Cumhuriyyətimizlə başlayan universitetin, Hüseynzadə və Ağaoğlu ilə başlayan düşüncə məntlərimizin, son yüz ilin musiqisinin, ədəbiyyatının, dilinin, kinosunun, rəsmlərinin, qəzet-jurnal-kitab nəşrinin, xalçalarının məcmusudur bizim bəzən maddi irsdə ifadə olunan mənəvi mədəniyyətimiz. Ondan əvvəlki Əsri-Zülmət dövrlərin daş abidələrini isə maddi mədəniyyət nümunələri kimi sıralayıb öyünə bilərik. Ancaq bizim daşlara həyat vermə imkanımız olmadığına görə, onların yalnız sıra düzülüşünün uyğunluğu barədə düşünə bilərik, bütün fəaliyyətimizi isə bizi çağdaşlığa urcah edən qeyri-maddi mədəniyyətin canlanması üzərinə yönəltməliyik.
İndi əgər dildən, ədəbiyyatdan başlayırıqsa, bu müzakirələr də vacibdir. Ancaq ortaya bir nəticə çıxacaqmı? Çünki “inkişaf etdirmək” və “qorumaq” ifadələrinin basqısı bizə mədəniyyətimizin təməlindəki tarixi boşluqları və yanlışları görməyə imkan verməyəcək. Çünki bizim tarix, din, sənət, elm anlayışlarımızda tənqidi mətn yoxdur, sadəcə ideoloji və bioloji özünəvurğunluq var. Unutmayaq ki, həm də bizim toplumun əsrlər boyu islamı təhrif edərək yaşadığı din də mədəniyyət, təhsil, tərəqqi və düşüncə düşməni olan bir dindir.
2040-cı ildə Azərbaycan mədəniyyətində nələrin dəyişəcəyini bilmirəm, ancaq mədəni həyatımızda hansısa dəyişiklik olmayacaq. Çünki təhsilə münasibətimiz dəyişmədikcə, bilgi məkanı olan orta məktəb yaratmadıqca, peşə təhsilini çağdaş standartlara qaldırmadıqca, modern universitet qurmadıqca, hansı insanlarla bu mədəniyyəti irəlilədə biləcəyimiz sual altındadır. Ona görə də ümumxalq müzakirələrini bir tərəfə buraxıb milli futbol komandası üçün yarayan 15-20 futbolçunu axtarıb tapdığımız kimi, mədəniyyətin hər sahəsinə dəxli olan 15-20 adamı tapıb ciddi müzakirələr aparılmalıdır. Bu adamlar hər sahədə boşluqları və ağır durumu hamıdan yaxşı bilirlər. Sadəcə kiminsə adamını, kiminsə imtiyazını, kiminsə pulunu yarıb keçə bilmirlər. Bu isə mənfur Ohanyan səddini yarıb keçməkdən çox-çox çətin işdir.
İlk növbədə “Azərbaycan dövlətinin mədəniyyət siyasəti neçə olmalıdır?” sualından başlamaq lazımdır. Dövlət total bir düşüncənin cəmiyyətə hakim olmasına üstünlük verərsə, onun mədəni siyasətinin faydasını gözləmək məntiqli görünməz. İstər təhsil haqqında, istər mədəniyyət haqqında ən ciddi qanunlar qəbul edilsə belə, bütün yazarlara, sənət adamlarına ucdantutma prezident təqaüdü verilsə belə, nəticə olaraq cəmiyyətin zövqünü yeniləşdirən meta-sənət əsərləri ortaya çıxarılmayacaq. Mədəniyyət sferasının iqtisadi təməlləri zəif olduğuna görə, dövlət yardımına həmişə ehtiyac duyur. Ancaq bu yardım yazıçı, rəssam və ya bəstəkar nomenklaturası yaratmaq üçün düşünülməməlidir. Bir az da irəli gedib Azərbaycanda mənasız və haqsız rəqabətə yol açan istisnasız olaraq mədəniyyət sahəsində bütün titulları müstəqilliyə qovuşandan sonra ləğv etmək lazım idi: xalq şairi, xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar rəssam və s. Ədəbiyyatda, sənətdə, xidməti olanlara hansı yaşda pensiyaya çıxırsa, dövlət yüksək məbləğdə təqaüd verə bilərdi ki, bu peşəkar insanlarımız sıxıntısız yaşasınlar. Adamın hər cür adı var, ancaq ayın sonuna pensiyası görmürsə, bunun adı qiymətləndirmə olmur ki? Baxın, Avropalının gücü ondadır ki, onun alimi də, yazarı da ildırımötürən məsuliyyəti daşıyır. Bizdə ildırımötürən funksiyası daşıyan adamların sayı çox olmayıb. Məsələn, Mirzə Cəlil ildırımötürəndir. Bir nəsildən o biri nəsilə sağlam düşüncəni miras qoymağı özünün borcu sayan, o ağır enerjini alıb, özünü yandıraraq başqa bir enerjiyə – işığa çevirib cəmiyyətə verən şəxsiyyətdir. Ancaq indiki dövrdə bu funksiyanın qarşısını alan titullardır. Qərbdə titul yarışı olmadığına görə orda ancaq elm-ədəbiyyat-mədəniyyət yarışı gedir. Çarli Çaplin xalq artistiydi, Bernard Şou xalq yazıçısıydı, yaxud Fellini əməkdar incəsənət xadimi idi? Sadəcə Nobel alan, Oskar alan korifeylər idi. Biz sovet dövründən çıxdığımız üçün sənət adamları arasında titul davası var. Mən hərdən diqqət edirəm, hətta hər cür maddi imkana malik yazıçılarımız, musiqiçilərimiz, aktyorlarımız belə titul yarışına çıxırlar. Görəsən, bu adamlar xalq yazıçısı olmasalar, nə olardı? Xalq artisti olmasalar, nə olardı? Titul davasına girmək yazarı adilərin yarışına qoşur. Həmin sənət adamı artıq ədəbiyyatı, sənəti unudur, artıq sənət davası getmir.
Hər sənət sahəsi üzrə obyektiv konkurs əsasında keçirilən ilin nominasiyaları və pul mükafatları düşünülməlidir. Sənət adamlarına, mədəniyyət xadimlərinə maddi təminatı üçün vacib olan daimi maddi dəstək formaları da düşünmək olar. Bununla belə dövlət ədəbiyyatın, sənətin maddi alternativlərlə dəstəklənməsinə yaxınlaşdığı məsafə qədər də onun ideoloji yönləndirilməsindən uzaqlaşmalıdır.
Təkliflər və mülahizələr bəlkə bir az sərt görünə bilər, ancaq bir də dəqiqləşdirməliyik: bizim istədiyimiz sağaltmaqdır, yoxsa ağrıkəsicinin təsəllisi!