Yarmarkada ən çox satılan Kəlbəcər balı olub

Xəbər - Fərid Zöhrabov -Trend:

Bakıda hazırda davam edən bal yarmarkasında ən çox satılan Kəlbəcər balı olub.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat katibi Elvin Bayramlı deyib.

‌O bildirib ki, yarmarkaya alıcı axını normaldır və əsasən yaşlı insanlar maraq göstərir:

“İşğaldan azad edilmiş rayonlarımızda süzülən bal da yarmarkada satışa çıxarılıb. Qarabağdan arıçılar yarmarkaya çox bal gətirməmişdilər. Arıçılar builki bal yarmarkasına 200 kiloqram Kəlbəcər balı çıxarıb. Gətirdikləri balın da demək olar ki, hamısı satılıb. Yarmarkada ən çox satılan Kəlbəcər balı olub. Bundan başqa İsmayıllı, Qax, Daşkəsən, Gədəbəy, Lerik balı alıcıların diqqətini cəlb edir. Əvvəlki yarmarkalarda kimdən bal alıb və xoşlarına gəlibsə, o adamlardan da bal alırlar.

Təmiz balı saxta baldan ayırd etməyin düzgün yolu laboratoriyada yoxlamaqdır. Digər bütün yoxlama üsullarında insan aldana bilər. Hətta laboratoriyalar belə balın 100% təmiz olduğu nəticəni yoxlaya bilmir. Çünki laboratoriyalar yeniləndikcə saxta bal hazırlayan aparatlar da təkmilləşir”.

Qeyd edək ki, oktyabrın 20-dən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Vətəndaşlar 20 oktyabr – 7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Teqlər: