Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda
əldə etdiyim nəticə məni qane etdi.
Bunu AzerTimes-a azərbaycanlı gimnast, yarışın bürünc mükafatçısı
Nikita Simonov deyib.
Xatırladaq ki, Nikita Simonov Bakıda keçirilən idman
gimnastikası üzrə FIG Dünya Kubokunda halqalarda hərəkətdə üçüncü
yeri tutub.
“Bakıda keçirilən dünya çempionatı bu mövsümün dördüncü
mərhələsidir və ona görə də bir az çətin oldu. Bu gün proqramı
kiçik çatışmazlıqlarla tamamladım, amma ümumilikdə razıyam. Dörd
mərhələdə iştirak etdim və hamısında finala yüksəldim. Bu
mərhələlər Dünya Çempionatına vəsiqə olduğundan, finala çıxmaq
lazım idi. İndi yeni qaydalar var, kombinasiyalar yenidən qurulur,
dəyişir, mən onların üzərində işləyəcəyəm və dünya çempionatına
hazırlaşacağam”.
N.Simonov əlavə edib ki, əvvəllər müxtəlif gimnastika
qurğularında çıxış edirdi, indi isə yalnız halqalarda
ixtisaslaşıb.
Gənc azərbaycanlı gimnastlardan danışan N.Simonov hər kəsin ən
yaxşı nəticə üçün çalışdığını vurğulayıb.
“Uşaqlar çalışır, böyük idmançılardan nümunə götürürlər, biz də
öz növbəmizdə onlara istiqamət veririk. Bakıda çox yaxşı şərait,
məşq zalları var, idmanın inkişafı üçün hər cür imkan yaradılıb.
Əsas odur ki, istək, cəhd olsun. Əgər gənc idmançılar buna sahib
olsalar, hər şey düzələcək!” – deyə azərbaycanlı gimnast fikrini
yekunlaşdırıb.
Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli
Gimnastika Arenasında daha bir mötəbər yarış – kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34
ölkəsindən 145 gimnast iştirak edir.