Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən yarımstansiyadan oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, saxlanılan şəxslər Bakı şəhəri, Qaradağ rayon sakinləri Arif Şirəliyev, Felmar Türbəndəyev və Anar Əhmədovdur.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov noyabr ayının əvvəlində rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan 35/10 kV-luq yarımstansiyanın binasına qanunsuz daxil olaraq 3 ədəd vakuum tipli açarlar oğurlamaqla dövlət müəssisəsinə 10 000 manata yaxın maddi ziyan vurublar.
Polis əməkdaşları tərəfindən adıçəkilən şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov son 6 ay ərzində respublikanın 11 şəhər və rayonu ərazisində analoji faktları törədərək yarımstansiyalardan vakuum tipli açarları oğurlamaqla dövlət müəssisələrinə külli miqdarda zərər vurublar.
Qanunsuz yolla ələ keçirdikləri “qənimətləri” Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satan dəstə üzvləri əldə etdikləri pulları öz aralarında bölüblər.
Açarların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır.