“Yarımçıq əlyazma” romanı Rumıniyada təqdim olundu

“Yarımçıq əlyazma” romanı Rumıniyada təqdim olundu

Rumıniyada xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının təqdimatı keçirilib. Təqdimat mərasimi Yassı Kitab Evində baş tutub.

Kult.az xəbər verir ki, romanın tərcüməçisi professor Lüdmila Bejenaru “Sehrbazlar dərəsi” romanından sonra “Yarımçıq əlyazma” romanının rumın oxucularına təqdim olunmasını ölkəsinin ədəbi-mədəni həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib. Tərcüməçi həmçinin rumın dilində nəşr olunan “Sehrbazlar dərəsi” romanının 2019-cu ildə Bakıda keçirilən təqdimatını xatırladıb və romana olan oxucu marağından danışıb.

Lüdmila Bejenaru bildirib ki, oxuculara yeni təqdim olunan “Yarımçıq əlyazma” romanı Kamal Abdullanın yaradıcılığında xüsusi yer tutur. O, yazıçının əsərlərinin türk, rus, ingilis, fransız, alman, gürcü, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Professor Bejenaru həmçinin “Yarımçıq əlyazma” romanının tərcümə prosesindən də söz açıb, Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra yazıçı haqqında 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazdığını xatırladıb.

Kitabın naşiri Yulian Moqa kitabın nəşr olunması münasibəti ilə müəllifi təbrik edib, rumın oxucularının onun yaradıcılığına olan böyük marağından danışıb.

Daha sonra xalq yazıçısı Kamal Abdulla “Yarımçıq əlyazma” romanını oxucular üçün imzalayıb, onların suallarını cavablandırıb.

Teqlər: