Moldovanın paytaxtı Kişinyovda İyon Kryange adına Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb.
AzerTimes xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, İyon Kryange adına Dövlət Pedaqoji Universitetinin prorektoru Olqa Gerlovan iştirak ediblər.
Sonra Azərbaycan Xalq yazıçısı, akademik Kamal Abdullanın rumın dilində “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanlarının təqdimatı keçirilib.
Təqdimatdan əvvəl qonaqlar İyon Kryange adına Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən, Moldova Azərbaycanlıları Konqresi tərəfindən yaradılan həftəsonu Azərbaycan məktəbi ilə tanış olublar. Konqresin sədri Elçin Bayramov həftəsonu Azərbaycan məktəbi haqqında məlumat verib, sonra burada təhsil alan şagirdlər Zəfər Gününün tarixi haqqında qonaqları məlumatlandırıblar.
Daha sonra geniş auditoriyada Kamal Abdullanın rumın dilində kitablarının təqdimatı keçirilib. Təqdimatda çıxış edən səfir Qüdsi Osmanov, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputat Vitali Jakot, rumın dilinə kitabın tərcüməçisi, filologiya elmləri doktoru, publisist Lyudmila Bejenaru Kamal Abdullanın yaradıcılığı barədə geniş danışıblar. Qeyd ediblər ki, bu kitablar Azərbaycan və Moldova arasında ədəbiyyat sahəsində inkişafa böyük töhfə verəcək.
Tədbirin sonunda təqdimatın keçirilməsində xidməti olanlara təşəkkürünü bildirən müəllif Kamal Abdulla “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanlarının yaranma tarixi haqqında danışıb.
Kitabların təqdimatı müəllif, tərcüməçi və auditoriya arasında maraqlı diskussiya ilə davam edib.
Sonra Kamal Abdulla qonaqlar üçün kitablarını imzalayıb.