Xəbər - Samir Əli – Trend:
Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.