YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında gənc rəssamların “Postponed” qrup sərgisini təqdim edir (FOTO)

YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanında gənc
rəssamlar Nərgiz Abdullayeva, Ağababa Bağırov, Leyli Əhmədova, Əli
Yusibov, Müşfiq Heydərov, Novruz Məmmədov və Sabit Zamanovun
əsərlərindən ibarət “Postponed” (“Təxirə salınıb”) qrup sərgisini
təqdim edir.

AzerTimes-ın
məlumatına görə, sərginin açılışı fevralın 25-də İçərişəhərdə,
ARTIM Layihə Məkanında (Kiçik Qala küçəsi, 5) baş tutub və aprelin
10-dək davam edəcək.

“Postponed” qrup sərgisi, ertələmə və gecikmənin təməl
anlayışlarını öz “xam” formasında təqdim edir və bu ideyanın daha
metafizik dərinliyinə qərq etməyə çağırır. Düşünməyə təşviq edən “Postponed” sərgisi, rəssamların müxtəlif prizmasından şərh olunur
və təxirə salınmış arzu və istəklərin, niyyət və məqsədlərin
mahiyyətini araşdırır. Sürətli yaşamaq tərzinə vərdiş etdiyimiz
reallıqda nəyisə təxirə salınmasının hətta düşüncəsi belə bizə
dəhşətli gələ bilər. Müasir insanın gündəlik həyatı vaxt ilə
çərçivələnmiş hadisələr, dedlaynlar, nəzarəti və
proqnozlaşdırılmağı tələb edən vəziyyətlərlə doludur. Lakin həyatın
dəyişkən olduğunu nəzərə alsaq, bəzən işləri kontrol etmək alınmır,
niyyətlər puça çıxır və gözləntilər əvvəlcə nəzərdə tutulduğu kimi
özünü doğrultmayır. Xaos nəzəriyyəsindəki “kəpənək effekti” kimi,
ertələmə də hadisələrin gedişatını dəyişə, habelə ilkin vəziyyətin
metamorfozuna səbəb olmaqla, nəticədə böyük fərqlərə gətirib
çıxarda bilər.

Sərgi “möhlət” kontekstini yeniləyərək, həyatda, istər şəxsi,
istərsə də ictimai gecikmələrin nəticələrini yenidən nəzərdən
keçirməyi təklif edir. Ekspozisiya, rəssamların bir çox mümkün
hekayələr üçün başlanğıc nöqtəsi kimi təklif etmək istədiyi “ertələnmiş fəaliyyət” kontekstində şəxsi yetkinlik və yanaşmaları
ilə səsləşir.

Müşfiq Heydərov (d.1989, Quba) 2007-2013-cü illərdə Ə. Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 2017-ci
ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq üzrə
bitirib. Həmçinin, qrafika və instalyasiya kimi texnikalarla da
işləyir. Rəssam, “Küknar” Beynəlxalq İncəsənət Festivalı (Heydər
Əliyev Mərkəzi, 2014), “World Art Games” (Montenegro, 2014), “Art
energy-20” (Azərbaycan Milli İncəsənət Muzeyi, 2014) “Futurismo”
(Landmark, Bakı, 2016) kimi bir sıra simpozium və sərgilərin
iştirakçısıdır.

Nərgiz Abdullayeva (d.2000, Bakı) 2021-ci ildə Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasını “Kitab tərtibatı və illüstrasiya” ixtisası
üzrə bitirib. Hal-hazırda, “həndpouk” üslubunda tatu sənəti ilə
maraqlanır və oyun dizaynı ilə məşğul olur.


Əli Yusibov (d.1998, Gəncə) Azərbaycan Dövlət Neft və Sənaye
Universitetini 2020-ci ildə bitirib. 2019-cu ildən kollaj texnikası
ilə məşğul olmağa başlayıb. Əsərlərini, adətən şəxsi gündəlik kimi
şərh edir və yaradıcılığında öz hisslərindən bəhs edir. Hal-hazırda
qrafik dizayner kimi fəaliyyət göstərir.

Ağababa Bağırov (d.1997, Bakı) Bakıda yaşayıb-yaradan çağdaş
sənətçidir. O, Bakı Dövlət Universitetini “Kompüter elmləri”
ixtisası üzrə bitirib. Öz yaradıcılıq təcrübəsində, Ağababa əsasən
videooyunlar, rəqəmsal sənət, VR/AR, 3D modelləşdirməyə üstünlük
verir. Müasir incəsənətlə məşğul olaraq, o, insan, təbiət və
texnologiya arasında qarşılıqlı əlaqələr qurur. Ağababa Bağırovun
əsərləri “Dumanlar başımda dastana döndü” qrup sərgisi (YARAT
Mərkəzi, Bərdə, Gəncə və Xaçmaz Dövlət Qalereyaları, 2020-2021);
YARAT Studios (2019-2020); Virtual ARTIM (2020) nümayiş olunub. O,
2020-ci ildə ARTIM Lab layihəsinin qalibi seçilmişdir.

Novruz Məmmədov (d.1986, Salyan) Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “Heykəltəraşlıq” fakültəsinin məzunudur. Novruz
rəngkarlıq, qrafika, instalyasiya və heykəltəraşlıq sahələrində
fəaliyyət göstərir. Rəssam, “Disfoniya” qrup sərgisi (ARTIM Layihə
Məkanı, 2017); “Rahat keyləşmə” qrup sərgisi (ARTIM Layihə Məkanı,
2016); “Together We Are” səyyar sərgisi (Paris, Fransa; Davos,
İsveçrə; Budapeşt, Macarıstan; Roma, İtaliya; Ankara, Türkiyə,
2015); “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi (Heydər Əliyev
Mərkəzi, Bakı, Azərbaycan, 2014), Alüminium IV Beynəlxalq Müasir
İncəsənət Biennalesi (Bakı, Azərbaycan, 2012), Çankırı Daş Heykəl
Simpoziumu (Çankırı, Türkiyə, 2011) və s. yerli və beynəlxalq
tədbirlərdə iştirak etmişdir. 2012-ci ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür.

Sabit Zamanov (d.1986, Qusar) Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “Heykəltəraşlıq” ixtisasını magistr dərəcəsi ilə
bitirmişdir. Hal-hazırda peşəkar heykəltəraş kimi fəaliyyət
göstərir. O, “Reduce, Reuse, Recycle” (Bakı, Azərbaycan, 2021); “Kombinat Urban Art Show” (“To Be a Woman” festivalı, Bakı, 2019); “Make the Earth Smile Again” (Bakı, Azərbaycan, 2019); “Səməni”
Beynəlxalq İncəsənət Müsabiqəsi (Heydər Əliyev Mərkəzi, 2018); “Disfoniya” (ARTIM Layihə Məkanı, Bakı, 2017) kimi bir sıra sərgi
və tədbirlərin iştirakçısıdır.

Leyli Əhmədova (d.1994, Bakı) 2009-2012-ci illərdə Ə. Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 2016-cı
ildə isə Istituto Europeo di Design Universitetini moda dizaynı
üzrə bakalavr dərəcəsi ilə bitirib. Rəssam müxtəlif media
vasitələrini təcrübədən keçirməklə incəsənətin nə olduğunu və necə
işlədiyini göstərməyə çalışır. Onun üçün incəsənət, əslində, bütün
fəaliyyətlərinə enerji verən birləşdirici bağdır. Leyli Əhmədova
2017-2019-cu illərdə “Kauseffekt” moda brendinin bədii direktoru
olub.

Teqlər: