ARTIM Layihə Məkanında gənc rəssam, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Erkin Ələkbərlinin “AD INFINITUM” adlı fərdi
sərgisinin açılışı baş tutub.
Trend-in
məlumatına görə, sərgi YARAT Müasir İncəsənət Məkanı tərəfindən
təşkil edilib.
30 yaşlı Erkin Ələkbərli Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “Rəngkarlıq” fakültəsini 2014-cü ildə bakalavr,
2016-cı ildə magistr üzrə bitirib. Gənc rəssam rəngkarlıq, qrafika,
instalyasiya sahələrində işləyir. O, “Günəş şəhəri” (ARTIM Layihə
Məkanı, 2021); “Dumanlar başımda dastana döndü” (YARAT Mərkəzi,
2020); “Nə hərb, nə sülh” (ARTIM Layihə Məkanı, 2017) və digər qrup
sərgilərində iştirak edib. Erkin Ələkbərli, 2017-ci ildən
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
“AD INFINITUM” sərgisi rəssamın davam edən daxili emosional və
mənəvi səfərinin nəticəsidir. Erkinin fərdi sərgisi, müəyyən mənada
rəssamın şəxsi etirafına bənzəyir və qarşılıqlı əlaqəli hekayələr,
mürəkkəb duyğular, gizli həyəcanlar və sıx müşahidələr ilə
zəngindir. Belə ki, rəssam, həyatın “mina sahəsində” təkrar-təkrar
baş verən daxili çarpışmalara istinad etmək istəyir. İnsanların
talelərinin müxtəlif epizodlarına nəzər salan bu bədii baxışlar,
nəticədə silsilə rəsm əsərlərinin yaranmasına səbəb oldu. Rəssam bu
əsərlər vasitəsilə, həyat və ölüm, peşmançılıq və günahkarlıq,
yaddaş və nostalji, talelər, mütəəssirlik, gerçəkləşməyən və gərgin
duyğular, gözləntilər, şübhələr və ikili, təzadlarla dolu olan bir
çox digər mövzular ətrafında öz düşüncələrini və araşdırmalarını
bölüşür. Sərginin bütünlükdə ab-havası, eləcə də rəssamın kifayət
qədər poetik yanaşması Çilinin tanınmış şairi Pablo Nerudanın
şeirlərindən ilhamlanıb.
Xüsusi olaraq YARAT-ın sifarişi ilə hazırlanmış məkana uyğun
instalyasiyalar, rəngkarlıq əsərləri, eləcə də rəssam üçün yeni
eksperiment olan videoinstalyasiya, öz ilhamını rəssamın kəskin
melanxoliyasından, eləcə də həyat və sevgini dərk etmək kimi
tükənməz arzusundan götürür. Rəssamın fatalist baxış bucağı və
melanxolik istinadlarına baxmayaraq, əsərlər ümidsizlik
təəssüratını bəxş etmir; əksinə, bu əsərləri, yeni həyata başlamaq
məqsədilə bir daha yaşanan, əzəli hisslərin müşahidəsi kimi də
qələmə vermək olar. Pablo Nerudanın poeziyasında tez-tez rast
gəlinən “dəniz” motivlərini davam etdirən rəssam, mənəvi
fəaliyyətimizin ən ali forması olan sevgini yüksəldir.
Sərgi iyunun 26-dək ARTIM Layihə Məkanında davam edəcək
(Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5)