YARAT ARTIM Lab-2021 proqramının iştirakçıları əsərlərindən ibarət birgünlük “Dalğıc: duyğusal mənaların yeddi qatı” adlı sərgiyə dəvət edir (FOTO)

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Lab-2021 proqramının iştirakçıları Elmira Babayeva, Səidə Quluzadə, Ayna Moazzen, Səbinə Mehdiyeva, Ləman Məmmədova, Nəzrin Məmmədova, Rəfiqə Novruzlu, Marta Ramazan, Nərgiz Səmədova, Nigar Səfərova və Şəbnəm Vəliyevanın əsərlərindən ibarət birgünlük “Dalğıc: duyğusal mənaların yeddi qatı” adlı sərgiyə dəvət edir.

Açılış tarixi: 3 iyun, 2021, saat: 12.00 – 20:00. Ünvan: ARTIM Lab emalatxanası, Nizami küç., 8/12 (M.Axundov bağının yaxınlığı). Giriş sərbəstdir.

Proqramının ilk studiya sərgisində siştirakçılarının bu dəfəki mentoru olan Cahangir Səlimxanov ilə silsilə görüşlərin yaradıcılıq nəticələri təqdim edilir.

“Nəzirə” konsepsiyası altında keçirilmiş seminar, yeni yaradıcı layihələrin digər incəsənət əsərindən götürülən hər hansı bir elementdən bəhrələnərək ərsəyə gətirilməsinə həsr edilmişdir. “Nəzirə” – şərq poeziyası ənənələrində istənilən sənətkarın əsərinin təsiri altında yazılmış “cavab” əsəridir.

Məşğələlərin məqsədi nümunə olaraq seçilmiş Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına ən müxtəlif vasitələrlə, hətta qeyri-adi tərzdə və formatda “nəzirələr” (ithaf, cavab) yaratmaq idi.

İştirakçılara əsəri oxuyub, özləri üçün hər hansı süjet səbəbi (motivi), məcazı (metaforası), təsviri, hətta dolayı məlumatı – astronomiya, sosial zümrələr, sevgi ifadəsinə dair ədəb, astrologiya, saray əyləncələri, gemologiya, mədəni coğrafiya, landşaft memarlığına və digər mövzulara aid edilən elementi seçmək, həmin «mənimsədilmiş” materialın rəssamların öz bədii təxəyyüllərinə hansı şəkildə təkan verə biləcəyi barədə düşünmək təklif olunmuşdu. Sərgi, həmin prosesin nəticələrini izləmək və qədim dövrdən gələn ədəbi abidəyə müasir yaradıcı şəxslərin yanaşmasını duymaq imkanı yaradır.

Cahangir Səlimxanov UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə milli mütəxəssisi, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Avropa Mədəniyyət Parlamentinin üzvü, 2011-2016-ci illərdə EMYA – Avropa İlin Muzeyi Mükafatının Hakimlər Heyətinin üzvü. Mədəniyyət sahəsinin müxtəlif seqmentləri üzrə bədii layihələrin kuratoru, təşkilatçısı və təbliğatçısı. Azərbaycanda və xaricdə (Əbu-Dabi, Vankuver, Oslo, Banqkok) keçirilən festivallarda, konfranslarda, simpoziumlarda və digər mədəni tədbirlərdə mühazirəçi, panelist, məruzəçi, spiker kimi iştirak edib. 2018-ci ildən başlayaraq hər il Bakıda keçirilən çoxsahəli Beynəlxalq Nəsimi Festivalının koordinatorudur. Artıq otuz ildir ki, mütəmadi olaraq müxtəlif fənlər üzrə – müasir musiqidən mədəni siyasətə, yaradıcılıq prosesinə qədər Azərbaycan, ingilis, rus dillərində dərs deyir.

ARTIM Lab haqqında

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən “ARTIM Lab emalatxanası” məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 3 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək. Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün tədbirlərdə, o cümlədən gündəlik emalatxana təcrübələrində mütəmadi iştirak etməli, yeni ideyalar fikirləşməli və yeni əsərlər yaratmalıdırlar.

Teqlər: