Xəbər - Elçin Mehdiyev – Trend:
Yaranmasının 103 illiyini qeyd edən Azərbaycan ordusu qalib ordudur, lakin zəfər çalmaqla işini bitmiş hesab etmir. Ordumuz daim müasir texnolgiyalarla təchiz olunur və mütəmadi hərbi təlimlər keçirməklə pəşəkarlıq artırılır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, ordu ölkənin ərazi bütövlüyününin və dövlət müstəqilliyinin qarantıdır: “Hansı ölkənin ordusu yoxdursa, o ölkə işğal olunur, xarici dairələrin diqtəsi ilə yaşamağa məcbur olur. Təbii ki, ordunun yaradılması üçün dövlət idarəçiliyində təcrübə, xalqı inandıra bilməsi, siyasi iradə və heç nədən çəkinməyərək xalqın maraqlarının üstün tutması əsas şərtdir. Keçdiyimiz tarixi yolun keşməkeşliyi bizə bunu real həytada yaşadıb.
1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində də ordunun formalaşdırılmaması, formalaşmış hərbi birləşmələrdə pərakəndiliyin olması və vahid mərkəzdən idarəçiliyin olmaması, yaranmış hərbi birləşmələrdən hərə öz maraqlarına görə istifadə etməsi torpaqlarımızın 20%-nin işğal olunmasına, 1 milyon soydaşımızın uzun illər qaçqın – köçkün həyatının yaşamasına və ölkədə vətəndaş müharibəsinin baş qaldırmasına yol açdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa bir zamanda nizami ordunun yaradılmasına, ölkədəki hərcmərcliyin dayandırılmasına, ermənilərin işğal prosesinin qarşısını alaraq tarixə qızıl hərflərlə həkk olunmuş və Qarabağ müharibəsinin dönüş nöqtəsi kimi yazılmış Horadiz əməliyyatının keçirilməsinə imkan verdi.
Ali Baş Komandan Heydər Əliyevin komandanlığı ilə ordumuz 1993-cü ilin dekabırın sonundan 6 yanvara qədər davam etdirmiş Horadiz əməliyatı sayəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbarayıl rayonunun Cocuq Mərcanlı kəndini ermənilərin tapdağından azad edərək düşməni atəşkəs razılığının imzalanmasına məcbur edib. Hətta hərbiçilərimiz cəbhədə döyüşən tankların üzərində “Əliyev üçün!” ifadəsi yazaraq hücuma keçirdilər”.
Deputat vurğulayıb ki, Ümumimilli Liderin dövlət idarəçiliyi təcrübəsi, siyasi iradəsi və xalqın inamı Azərbaycanın nizami ordusunun əsaslarını yaratmışdı: “Heydər Əliyev sovetlər dövründə də Azərbaycanın gələcəyini müstəqillikdə görərək yaradılacaq ordusunda xidmət edəcək milli hərbi kadrların hazırlanması üçün Naxçıvanski hərbi məktəbini yaratmışdı. O dövrdə formalaşmış hərbi kadrlar bu gün də ordumuzun idarə edilməsində və uğurlara imza atmasında öndə dayanıblar. Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib və bizi qalib xalqa çevirib.
Son 17 ildə Prezident İlham Əliyev hərbçilərin məişət-yaşayış probemlərinin həll olunması istiqamətində böyük addımlar atdı. Ordunun təkmilləşməsi, modernləşməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər döyüş meydanında öz nəticəsini vermişdir. Ölkədə müdafiə sənayesinin yaradılması, ordunun müasir hərbi texnika və texnologiyalarla təchiz edilməsi Azərbaycan ordusunun pəşəkarlığını artıraraq dünyanın ən güclü 50 ordusu sırasında yer almasına imkan vermişdir. Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək və ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə 27 sentyabrda başlamış 44 günlük Vətən müharibəsində düşməni məğlub edərək onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. Azərbaycan ordusu öz gücünü döyüş meydanında göstərərək ermənilərin 30 il ərzində qurduqları topdağıtmaz müdafiə sədlərini və “məğlubedilməz” ordu mifini məhv etdi. Ali Baş Komandan İlham Əliyevin orduya rəhbərlik etmək bacarığı, qabaqcadan uğurlu döyüş taktikası hazırlayaraq düşmənin gözləmədiyi mövqələrdən hücüma keçməyimiz daha az itkilərlə qələbə çalmağımızı şərtləndirdi”.
A.Badamov bildirib ki, xarici hərbi ekspertlər Azərbaycan ordusunun apardığı müharibəni XXI əsrin müharibəsi adlandırmış və bu gün dünyanın güclü hərbi sistemi olan ölkələri Azərbaycan təcrübəsini öyrənib pəşəkarlıqlarını artırırlar: “Azərbaycan ordusu zəfər çalmaqla işini bitmiş hesab etmir. Ordumuz daim müasir texnolgiyalarla təchiz olunur və mütəmadi hərbi təlimlər keçirməklə pəşəkarlıq artırılır. 15 iyunda Azərbaycan və Türkiyə Prezidentlərin imzaladıqları Şuşa Bəyannaməsi hərbi əməkdaşlığımızın genişləndirlməsinə imkan verməklə ordumuzun türk ordusu modelinə uyğunlaşmasına şərait yaradacaq. Hərbi sənayemiz daha da inkişaf etdiriləcək və ölkəmizdə yeni çeşiddə müasir silahlar istehsal olunacaq.
Xalqımız Silahlı Qüvvələrimizin yaranmasının 103 illiyini böyük sevinclə qeyd edir. Bizi qalib edən və bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyev və məğlubedilməz müzəffər ordumuzdur. Xalqımız Prezidentlə, orduyla həmrəydir və həmişə yanındadır. Fürsətdən istifadə edərək xalqımızı “Silahlı Qüvvələr Günü” münasibətilə təbrik edirəm. Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev! Eşq olsun Azərbaycanın müzəffər ordusuna!”.